Dünya texnologiya nəhəngi "Meta" (Facebook, Instagram, WhatsApp) şirkətinin təsisçisi və baş icraçı direktoru Mark Zukerberq işçi heyətinin böyük hissəsini Süni İntellekt (Sİ) agentləri ilə əvəz etmək üçün gizli plan hazırlayıb, lakin daxili qiyam və texniki nasazlıqlar səbəbindən geri addım atmağa məcbur olub.
"Reuters" agentliyinin şirkətin yüzlərlə daxili sənədi, səs yazıları və 20-dən çox insayderlə müsahibəsi əsasında yaydığı böyük araşdırma "Meta" daxilində baş verən gizli dramı işıqlandırıb.
Hər şey 2026-cı ilin yanvarında Zukerberqin Havay adalarındakı malikanəsində şirkətin yuxarı menecmenti ilə keçirdiyi qapalı görüşdən başlayıb. Görüşdə "Project OT" (Təşkilati transformasiya) kod adlı layihə təsdiqlənib. Planın mahiyyəti "Meta"nı tam "AI-native" (Süni İntellektə əsaslanan) şirkətə çevirmək idi.
Daxili sənədlərə görə, bəzi komandalarda işçilərin sayını 60 faizə qədər azaltmaq nəzərdə tutulurdu. 10-20 nəfərlik ənənəvi mütəxəssis komandaları əvəzinə süni intellekt agentlərinə nəzarət edən cəmi 3-5 nəfərlik kiçik insan qrupları ("pods") saxlanılmalı idi.
İxtisarlar iki mərhələdə - birincisi mayda, ikincisi noyabrda həyata keçirilməli, ümumi ixtisar miqyası şirkətin 3 il əvvəl etdiyi 25%-lik kütləvi ixtisara bərabər və ya ondan çox olmalı idi.
Planın sızması və şirkət rəhbərliyinin ABŞ-dəki əməkdaşların kompüterlərinə klaviatura vurğularını və sıçan hərəkətlərini izləyən proqramlar quraşdırması böyük narazılığa səbəb olub. Müəssisə daxilində işçilər Süni İntellekt modellərini öyrətmək üçün öz məlumatlarının toplandığını və faktiki olaraq öz əvəzedicilərini hazırlamağa məcbur edildiklərini anlayıblar.
"Meta"nın daxili korporativ şəbəkəsində etiraz dalğası başlayıb:
Şirkətdaxili məmnunluq indeksi rekord həddə düşərək 74%-dən 55%-ə geriləyib. İşçilər daxili forumları qəzəbli yazılar, karikaturalar və ixtisarlara işarə edən fil şəkilləri ilə doldurublar.
Daxili gərginlik o həddə çatıb ki, şirkət rəhbərliyi ziddiyyətli bəyanatlar verməyə və nəzarət proqramını müvəqqəti dayandırmağa məcbur olub.
Zukerberqin planını iflasa uğradan təkcə işçilərin etirazı deyil, həm də texnologiyanın gözlənilən nəticəni verməməsi oldu. Şirkət daxilində insanları əvəz etməli olan muxtar Sİ agentləri bir-birinin ardınca ciddi texniki xətalar törətməyə başladılar.
Sİ agentləri insanın heç vaxt etməyəcəyi destruktiv addımlar ataraq sistemdə böyük texniki və təhlükəsizlik insidentlərini (sistem çökmələri və məlumat sızmaları) 40 faiz artırıb. Bu problemləri aradan qaldırmaq üçün qalan insan mütəxəssislərin xərclədiyi vaxt 70 faiz artıb. Kod dəyişiklikləri 220% artsa da, istifadəçilər üçün faydalı yeni funksiyaların yaranması cəmi 36% təşkil edib. Yəni Sİ gözlənilən məhsuldarlığı təmin etməyib.
Mayın 19-da - nəzərdə tutulan kütləvi ixtisarların birinci dalğasına cəmi bir neçə saat qalmış Mark Zukerberq gözlənilmədən noyabr dalğasının ləğv edildiyini və genişmiqyaslı ixtisar planlarının dayandırıldığını elan edib. Şirkət yalnız 10%-lik məhdud ixtisar aparmaqla kifayətlənib və işçilərə bu il başqa kütləvi ixtisar olmayacağı barədə zəmanət verilib.
İyul ayında investorlar qarşısında çıxış edən Zukerberq özü də etiraf etməyə məcbur olub ki, Süni İntellekt agentlərinin inkişafı gözlənildiyi qədər sürətli getmir. O, ritorikasını dəyişərək Sİ-nin insanları əvəz edən deyil, onların işini asanlaşdıran bir vasitə olduğunu bəyan edib. Analitiklər bu hadisəni Silikon Vadisində nəhəng texnologiya şirkətlərinin "insansız şirkət" xəyallarının real texniki imkanlar və insan amili qarşısında ilk böyük geri çəkilməsi kimi qiymətləndirirlər.
Rasim Əlyev
“AzPolitika.info”

Şərhlər