ABŞ Prezidenti Donald Tramp şəxsən Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffi gizli missiya ilə Rusiyaya göndərib.
"Report" "The Wall Street Journal"a istinadən xəbər verir ki, bu barədə ABŞ rəsmiləri bildiriblər.
Onların sözlərinə görə, C.Retkliffin missiyası o qədər həssas olub ki, hətta Ağ Evin bəzi rəsmiləri belə, onun səfərindən əvvəlcədən xəbərsiz olublar. ABŞ hərbi rəsmiləri və Trampın etibarlı köməkçiləri də MKİ direktorunun Kremlə çatdıracağı mesajdan xəbərsiz olublar. Nəşr qeyd edib ki, Avropa rəsmiləri səfərin təfərrüatları ilə yalnız səfər başa çatdıqdan sonra maraqlanmağa məcbur olublar.
WSJ-nin iki Avropa rəsmisinə istinadən verdiyi məlumata görə, Retkliff rusiyalı həmkarlarına ABŞ-nin Kollektiv Müdafiə üzrə Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə sadiq qaldığını bildirib.
Adları açıqlanmayan ABŞ və Avropa rəsmiləri nəşrə bildiriblər ki, bundan əlavə, MKİ direktoru Rusiyanın İranla əməkdaşlığını və Moskvada Ukrayna ilə danışıqların intensivləşdirilməsini müzakirə edib.
Xatırladaq ki, Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin daha əvvəl də Moskvada C.Retkliff ilə görüşdə kəşfiyyat xidmətlərinin səlahiyyətlərinə aid məsələləri müzakirə etdiyini bildirib.

Şərhlər