ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində ABŞ prezidentlərinin şəxsi reytinqini paylaşıb və özünü ölkə tarixinin ən böyük prezidenti elan edib.

"AzPolitika" xəbər verir ki, reytinqdə  prezidentlər altı qrupa bölünüb. Tramp təkbaşına “Ən böyük” qrupunda birinci yerə qoyulub.

“Böyük” qrupuna Abraham Linkoln, Corc Vaşinqton, Franklin Ruzvelt, Vudro Vilson, Tomas Cefferson və Endryu Cekson daxil edilib.

“Uğursuzlar” qrupunda isə Co Bayden, Barak Obama, Uliks Qrant, Uorren Hardinq və Cimmi Karterin adları yer alıb.

Paylaşım "LIFE"  jurnalının 1948-ci ildə hazırladığı köhnə reytinqin dəyişdirilmiş variantına bənzəyir. Tramp oraya öz adını əlavə edib və bəzi sonuncu demokrat prezidentləri uğursuzlar sırasına salıb.

Siyahıdan bir sıra tanınmış prezidentlər – o cümlədən Harri Truman, Duayt Eyzenhauer, Con Kennedi, Ronald Reyqan və digərləri – ümumiyyətlə çıxarılıb.