Norveç krallığı ağır itki ilə üzləşib. 1991-ci ildən taxtda olan və Böyük Britaniya kraliçası II Elizabetin vəfatından sonra Avropanın ən uzun müddət hakimiyyətdə qalan monarxı hesab edilən V Harald 89 yaşında vəfat edib.

Norveç Kral Sarayı və ölkə parlamenti avqustun 28-dən 29-na keçən gecə monarxın ölümü barədə rəsmi məlumat yayıb. Məlumata görə, V Harald yerli vaxtla saat 06:35-də Oslo xəstəxanasında dünyasını dəyişib. Son günlər qan infeksiyası səbəbindən səhhətinin kəskin pisləşdiyi bildirilirdi. Son saatlarında kral ailəsinin üzvləri onun yanında olub, minlərlə vətəndaş isə sarayın qarşısına toplaşıb.

1937-ci ildə anadan olan V Harald cəmi 3 yaşında ikən ailəsi ilə birlikdə faşist Almaniyasının hücumu səbəbindən Norveçdən getmək məcburiyyətində qalıb. Babası VII Hokon sürgündəki hökumətə rəhbərlik edib və Almaniya üzərində qələbədən sonra ailəsi ilə birgə Vətənə qayıdıb.

Gənclik illərində idmana böyük maraq göstərən şahzadə Harald 1960-cı illərdə yelkənli idman növü üzrə Olimpiya Oyunlarında da iştirak edib. O, 1991-ci il yanvarın 17-də atasının vəfatından sonra rəsmən Norveç taxtına əyləşib.

V Harald Norveç cəmiyyətində böyük nüfuza və sevgiyə malik idi. Konstitusiyaya əsasən, onun səlahiyyətləri daha çox mərasim xarakteri daşısa da, o, bütün millətin birlik və bütövlük rəmzinə çevrilmişdi. Xalq arasında sadəliyi və səmimiyyəti ilə seçildiyi üçün ona tez-tez "Xalqın kralı" və norveçlilərin "Babası" deyirdilər. V Haraldın vəfatından sonra Norveçin yeni kralı onun oğlu, vəliəhd şahzadə Hokon olacaq. O, yaxın vaxtlarda rəsmən taxta çıxacaq.

“AzPolitika.info”