Ermənistan hökuməti ilə "Doping Space" şirkəti arasında imzalanan milyonlarla dollarlıq müqavilələr böyük maliyyə mənimsəmələri və korrupsiya şübhələri ilə gündəmə gəlib. Şirkət Cennifer Lopesin İrəvan konsertindən sonra dövlət büdcəsinə qaytarılmalı olan yüz milyonlarla dramı aylardır mənimsəyib, hökumət isə buna göz yumaraq həmin şirkətə yeni layihələr həvalə edir.
Yerli medianın araşdırması zamanı Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin (KGMS) "Doping Space" şirkətinə göstərdiyi qeyri-adi güzəştləri ortaya çıxarıb.
2023-cü ilin avqustunda Ermənistan hökuməti repçi Snup Doqqun İrəvan konserti üçün "Doping Space" şirkətinə 2,3 milyard dram (6 milyon dollardan çox) ayırmışdı. Qarabağda həyata keçirilən antiterror tədbirlərindən dərhal sonra ayrılan bu böyük məbləğ ictimai etirazlara səbəb olsa da, Baş nazir Nikol Paşinyan tədbiri "Ermənistanın ayaqda olduğunu göstərmək" adı ilə müdafiə etmişdi. Konsert ləğv edilsə də, şirkət 6 milyon dolları dövlətə qaytarmayıb.
Uzun çək-çevirdən sonra, 2025-ci ilin avqustunda Snup Doqqun əvəzinə İrəvanda Cennifer Lopesin konserti təşkil olundu. Lakin maliyyə maxinasiyaları burada da davam edib. Konsert üçün ayrılan 2,3 milyard dramın 1,8 milyard dramı xərclənib, qalan 502 milyon dram (1,3 milyon dollar) isə şirkət tərəfindən qənaət edilib, lakin büdcəyə geri qaytarılmayıb. Şirkətin hesabatları gecikdirməsinə görə 7,8 milyon dram cəriməsi və 24,3 milyon dramlıq digər öhdəliyi var. Nazirlik konsertdən cəmi iki gün əvvəl müqaviləni dəyişərək bank zəmanəti tələbini ləğv edib. Bununla da hökumət şirkətin öhdəlikləri yerinə yetirmədiyi təqdirdə pulları bank vasitəsilə məcburi almaq hüququndan imtina edib və "Doping Space"ə milyardlarla dramlıq cərimələrdən yayınmaq üçün fürsət yaradıb.
Hesabatların təhlili göstərir ki, xidmət heyəti, səhnə avadanlıqları və marketing üçün ayrılan milyonlarla dramlıq vəsaaitlər təyinatı üzrə xərclənməyib. Ümumilikdə, şirkətin dövlət büdcəsinə 534 milyon dramdan çox borcu qalmaqdadır.
Mədəniyyət və İdman Nazirliyi ilə bu qədər maliyyə probleminin olmasına baxmayaraq, Ermənistan Ətraf Mühit Nazirliyi "Doping Space" ilə bu payız İrəvanda keçiriləcək COP 17 tədbirinin təşkili üçün 3,5 milyard dramlıq (8,9 milyon dollar) yeni müqavilə imzalayıb.
Ən şübhəli məqam isə odur ki, bu müqavilə də heç bir tender keçirilmədən, tk mənbədən satın alma yolu ilə bağlanıb və pulun 90%-i əşirkətə əvvəlcədən (avans olaraq) ödəniləcək.
"Doping Space" şirkəti Snup Doqqun konserti ilə bağlı qərar verilməzdən cəmi bir ay əvvəl - 2023-cü ildə təsis edilib. Şirkətin ilk səhmdarı keçmiş Respublikaçılar Partiyasından olan eks-deputat Aleksan Petrosyanın oğlu Makar Petrosyan olub. Petrosyanlar Ermənistanda qanunsuz yolla əldə edilmiş əmlakın müsadirəsi işi üzrə mühakimə olunurlar. Böyük dövlət sifarişlərini aldıqdan 5 ay sonra Makar Petrosyan şirkətin bütün səhmlərini Hayk Simonyana dövr edərək izləri itirməyə çalışıb. Mütəxəssislər baş verənləri Paşinyan hakimiyyətinin yüksək esalonları ilə bağlı olan açıq-aşkar korrupsiya sxemi kimi qiymətləndirirlər.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər