Misirin ilk kraliçası Nazli Sabriyə məxsus, 673 brilyantla bəzədilmiş və təxminən 4,3 milyon dollar dəyərində qiymətləndirilən boyunbağı Avstriyanın paytaxtı Vyanadakı Tətbiqi İncəsənət Muzeyindən (MAK) oğurlanıb.
"AzPolitika" xəbər verir ki, bu barədə DPA xəbər agentliyi məlumat yayıb.
Boyunbağı Fransanın məşhur “Van Cleef & Arpels” zərgərlik evinin kolleksiyasına aid 300-dən çox qiymətli əşyanın nümayiş etdirildiyi sərginin eksponatlarından biri olub.
DPA-nın məlumatına görə, iki naməlum şəxs muzeyin iş saatlarında şüşə vitrini sındıraraq boyunbağını götürüb və hadisə yerindən uzaqlaşıb. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb və şübhəlilərin axtarışını davam etdirir.
MAK-ın rəsmi saytında qeyd olunur ki, oğurlanan boyunbağının üzərindəki 673 brilyantın ümumi çəkisi 200 karatdan çoxdur.
Boyunbağı 2015-ci ildə Nyu-Yorkda keçirilən “Sotheby’s” hərracında təxminən 4,3 milyon dollara satılıb.
Qeyd edək ki, Nazli Sabri 1919-cu ildən 1936-cı ilə qədər Misir Krallığında kraliça statusunu daşıyıb. O, Kral I Fuadın ikinci həyat yoldaşı olub.

Şərhlər