Ukrayna Ordusunun pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirdiyi intensiv zərbələr Rusiyanın yanacaq-energetika kompleksinə ağır zərbə vurmaqda davam edir. Təkcə bu ay ərzində Ukrayna Rusiyanın ən iri 10 neft emalı zavodundan (NEZ) 4-nü uğurla hədəf alıb.
"EA Analytics" analitik şirkətinin məlumatlarına görə, Rusiyada neft emalının həcmi hazırda son 20 ilin ən aşağı göstəricisinə geriləyib.
Şirkətin qiymətləndirmələrinə əsasən, avqust ayında Rusiya üzrə gündə lik orta neft emalı həcmi cəmi 3,8 milyon barel təşkil edib. Müqayisə üçün qeyd edək ki, kənd təsərrüfatı işləri və məzuniyyət mövsümü ilə əlaqədar yanacağa tələbatın pik həddə çatdığı yay aylarında bu göstərici gündəlik 5,3-5,5 milyon barel arasında dəyişirdi.
"Bloomberg" agentliyi rəsmi statistikaya bələd olan etibarlı mənbələrə istinadən bildirir ki, yanacaq istehsalının kəskin azalması daxili bazara da ciddi təsir göstərib. Avqustun ilk üç həftəsinin yekunlarına görə, daxili bazara benzin ötürülməsi ötən ilin analoji dövrü ilə müqayisədə demək olar ki, 20% azalıb. Eyni dövr ərzində dizel istehsalında kəsinti 23%-dən çox olub.
"EA Analytics" ekspertləri sentyabr ayında emal həcminin cüzi artaraq gündəlik 4,2 milyon barelə çatacağını təxmin etsələr də, risklərin kritik səviyyədə qaldığını vurğulayırlar:
"Ukrayna dronlarının Rusiya neft emalı zavodlarına zərbələri eyni intensivliklə davam edərsə, bərpa prosesi mümkün olmayacaq".
Məlumata görə, Rusiyanın müxtəlif regionlarında yerli hakimiyyət orqanları əhalini yay məzuniyyətləri başa çatdıqdan sonra da yanacaq təchizatında məhdudiyyətlərin və aşağı tədarük səviyyəsinin davam edəcəyinə hazırlaşdırır.
Rasim
“AzPolitika.info”

Şərhlər