Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) zirzəmisi kimi tanınan "Yerevan-Kentr" (Yerevan-Mərkəz) həbsxanasında çox məhdud sayda məhbus saxlanılır. Buranı Ermənistanın ən qapalı həbsxanası da adlandırırlar

"AzPolitika" xəbər verir ki, "Hraparak" nəşri bu həbsxanada baş verənlər barədə yazıb.

Nəşr bildirir ki, müəssisədə cəmi 13 kamera var; bunlardan 5-i birnəfərlik, qalanları isə maksimum 5 nəfərlik kameralardır. Nairi Hunanyan (1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində törədilən dəhşətli terror aktının təşkilatçısı və əsas icraçısı)  və qardaşı 27 ildir ki, burada birnəfərlik kameralarda saxlanılırlar, yəni iki kamera daimi olaraq məşğuldur.  Qalan birnəfərlik kameralarda isə hazırda Qaqik Tsarukyan, Robert Koçaryan və Qaqik Beqlaryan saxlanılır.

Məlum olub ki, Koçaryanın həbsindən əvvəl MTX-nin zirzəmisində yer boşaldılıb. Demək olar ki, adi cinayətkarlar siyasi məhbuslara yer açmaq məqsədilə digər cəzaçəkmə müəssisələrinə köçürülürüblər. Lakin MTX-nin həbsxanasında adi cinayətkar olmur. Burada ya çox ağır ittihamlarla mühakimə olunanlar, ya da kriminal submədəniyyət daxilində problemləri olan və digər cəzaçəkmə müəssisələrində həyatı təhlükə altına düşənlər saxlanılır.

Mənbələr iddia edir ki, Koçaryan və oğlu MTX-nin zirzəmisinə gətirilməzdən əvvəl, demək olar ki, hər kamerada yer açmaq üçün bir nəfər digər həbsxanalara köçürülüb. Bildirilib ki, keçən həftənin sonunda "Yerevan-Kentr" cəzaçəkmə müəssisəsindən daha bir nəfər başqa müəssisəyə transfer edilib. Bu da o deməkdir ki, yeni yer boşaldılıb.

Nəşr yazır ki, bunun Ermənistan hakimiyyətin yeni həbslərə hazırlaşdığı mənasına gəlib-gəlmədiyini demək çətindir. Saxlanılanlara qarşı hansı ittihamların irəli sürüləcəyi də hələlik məlum deyil, lakin həbsxana ətrafında baş verənlərin özü növbəti siyasi həbslərin olacağının anonsu kimi qəbul edilir.

Xatırladaq ki, keçmiş baş nazir və keçmiş parlament sədri Hovik Abrahamyanın oğlu Arqam Abrahamyan, keçmiş prezident Robert Koçaryanın böyük oğlu Sedrak Koçaryan və Ermənistanın tanınmış siyasətçisi, politoloq və keçmiş deputat Andranik Tevanyan da hazırda "Yerevan-Kentr" cəzaçəkmə müəssisəsində saxlanılırlar, lakin onlar ümumi kameralardadırlar.

E. Səlimov

AzPolitika.info