Menu

Dövlət Dumasından Berlinə hədə – “Keçmişin dərslərindən nəticə çıxarmır...”

01.09.2026, 12:24
Dövlət Dumasından Berlinə hədə – “Keçmişin dərslərindən nəticə çıxarmır...”

Almaniyanın Ukraynaya uzaqmənzilli "Taurus" qanadlı raketlərini təhvil vermək ehtimalı Moskvada kəskin reaksiya ilə qarşılanıb. Rusiya Dövlət Dumasının Müdafiə komitəsinin üzvü Andrey Kolesnik bu addımın Berlini müharibənin birbaşa tərəfinə çevirəcəyini bəyan edib.

"AzPolitika" xəbər verir ki, rusiyalı deputat bu barədə "Lenta.ru" nəşrinə açıqlamasında bildirib.

Duma rəsmisinin bu bəyanatı Almaniyanın Azad Demokratlar Partiyasının (FDP) lideri Volfqanq Kubikinin çağırışından sonra gəlib. Kubiki Almaniya hökumətini Moskvanın "hibrid təhdidlərinə" cavab olaraq Rusiyanı Ukraynaya "Taurus" raketləri verməklə hədələməyə səsləyib.

Nümayəndələr Palatasının deputatı Andrey Kolesnik isə bu iddiaları rədd edərək Almaniyaya xəbərdarlıq edib: "Hibrid təhdidlər yeni mövzu deyil, bunu özlərindən uydururlar və heç bir sübutları yoxdur. 'Taurus' raketlərinin tədarükü isə Almaniyanın müharibəyə birbaşa müdaxiləsi deməkdir. Bunlar 500-600 kilometr mənzilə malik yüksək dəqiqlikli raketlərdir. Bunun nə ilə başa çatdığını görünür unudurlar, xüsusən də Almaniya keçmişin dərslərindən nəticə çıxarmır".

Bundan əvvəl Bundestaqın deputatı Roderix Kizevetter də analoji anti-Rusiya təklifləri ilə çıxış etmişdi. Almaniyalı siyasi xadim Rusiyanın "kölgə donanması"nın dayandırılmasını, sanksiyaların sərtləşdirilməsini və ukraynalı hərbçilər üçün "Taurus" raketləri üzrə təlimlərə başlanılmasını tələb etmişdi.

Ekspertlər hesab edirlər ki, Berlin və Moskva arasında raket polemikası Qərbin Ukraynaya hərbi dəstək strategiyasında yeni və daha gərgin bir mərhələnin başladığını göstərir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol