Ermənistan dövlət büdcəsində yaranmış kəsirin maliyyələşdirilməsi məqsədilə OPEC-in Beynəlxalq İnkişaf Fondundan 80 milyon avro məbləğində yeni kredit cəlb edir.
“AzPolitika” xəbər verir ki, Ermənistan hökumətinin sentyabrın 3-də keçirilən iclasında bununla bağlı qərar qəbul edilib. Qərara əsasən, kredit vəsaitləri sentyabrın 30-dək istifadə olunmalıdır.Hökumətin hesabatında bildirilib ki, dövlət büdcəsinin ayrı-ayrı maddələri üzrə nəzərdə tutulan xərclərin maliyyələşdirilməsi baxımından kredit vəsaitlərinin vaxtında əldə edilməsi böyük əhəmiyyət daşıyır.
Bu il Ermənistanın dövlət büdcəsində 537,5 milyard dram məbləğində kəsir nəzərdə tutulub. Bu məbləğ hazırkı məzənnə ilə təxminən 1,5 milyard ABŞ dollarına bərabərdir.
Məlumata görə, Ermənistan hökuməti yeni krediti 15 yanvar 2044-cü ilədək geri qaytarmalıdır. Əsas borcun ödənilməsinə 2031-ci ildən başlanacaq. Bununla yanaşı, Ermənistana beş illik güzəşt müddəti verilib.
Kredit üzrə faiz dərəcəsi dəyişkəndir. Bu il iyulun 30-na olan məlumata görə, faiz dərəcəsi illik 4,241 faiz təşkil edib.Beləliklə, Ermənistan hökuməti dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün növbəti xarici kredit mənbəyinə müraciət edib. 80 milyon avroluq vəsaitin isə hökumətin qərarına əsasən, sentyabrın 30-dək istifadə edilməsi nəzərdə tutulur.
“AzPolitika.info”


Şərhlər