Azərbaycanda avtomobillərin kirayəyə verilməsi ilə məşğul olan “rent a car” şirkətinin işçisi dələduzluq etməkdə ittiham olunub.

"AzPolitika" Teleqraf-a istinadla xəbər verir ki, “rent a car” şirkətindən işləyən Fərqanə Həmidova dələduzluqla üzləşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Müraciət əsasında məlum olub ki, qadını aldadan həmin şirkətin digər əməkdaşı, Aydın adlı şəxs olub.

İttihama görə, 1973-cü il təvəllüdlü Aydın Fərqanəyə fərdi tikilmiş evinə qeydiyyata salaraq, satacağı barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib. O, qadının inam və etibarını qazanaraq, ondan ümumilikdə 21000 manat alaraq dələduzluq edib.

Aydının barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Aydın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Fərqanə ilə “rent a car”da işləyəndə tanış olub: “Fərqanə mənə 9000 manat verdi ki, maşın alaraq kirayə verim. Verilən puldan 2000 manatını Fərqanənin qızına qaytarmışam. Ümumi 9000 manat pulun 4000 manatını qaytarmışam. 5000 manat ona borcum qalıb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, ittiham aktında qeyd edilən 21000 manat alması faktı düzgün deyil.

İş üzrə zərərçəkmiş Fərqanənin sözlərinə görə, təqsirləndirilən şəxsi əvvəldən tanıyır, heç bir ədavəti yoxdur: “Aydın “rent a car”da kuryer işləyirdi. Mən də bir neçə ay orada aşbaz kimi işləmişəm. Həmin dövrdə yoldaşım rəhmətə getdiyi üçün evsiz qalmışdım, anam ilə yaşayırdım. Lakin anamın evinin çıxarışı yox idi. Aydın həm mənə ev verməyi, həmçinin də qeydiyyata salmağı dedi. Bunun üçün 10000 manat verdim. Lakin pulum az olduğunu dediyi üçün əlavə məbləğlər də verdim. Pulu verdikdən sonra bir neçə dəfə zəng etdim. Lakin o, hər dəfə düzələcəyini bildirdi. Daha sonra telefon zənglərimə cavab vermədim. Artıq bununla da özümə qarşı dələduzluq edildiyini anladım”.

Səbail Rayon Məhkəməsinin hökmü ilə Aydın 1 il 11ay 27 gün müddətə azadlıqdan məhrum edilib.

Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.