Rusiya Ədliyyə Nazirliyi növbəti dəfə "xarici agentlər" reyestrini yeniləyib. Yeni qərara əsasən, siyahıya şair və publisist Sergey Leybqard, yazıçı Feliks Sandalov, həmçinin ABŞ-nin LaVerne Universitetinin bioinformatika üzrə professoru Tatyana Tatarinova daxil edilib.
Bunlarla yanaşı, Rusiya hakimiyyəti iki tanınmış media qurumunu — "Novaya qazeta" və "İstoriçeskaya ekspertiza" jurnalını da "xarici agent" kimi tanıyıb.
"Novaya qazeta" ilə əlaqəli şəxslərin siyahısına 100-dən çox insan əlavə olunub. Onların arasında "Yabloko" partiyasının sədri Nikolay Rıbakov, hüquq müdafiəçisi Zoya Svetova və 11 il azadlıqdan məhrum edilmiş siyasətçi Lev Şlosberq də var.
"Novaya qazeta"nın mətbuat katibi Nadejda Purusenkova bildirib ki, redaksiya fəaliyyətini davam etdirəcək və bu qərardan məhkəməyə şikayət edəcək.
Rusiya Ədliyyə Nazirliyi "xarici agentlər" siyahısını adətən cümə günləri yeniləyir. Hazırda bu reyestrdə 1200-dən çox fiziki və hüquqi şəxsin adı var. Qanunvericiliyə görə, bu statusu almaq şəxslərin hüquqlarının ciddi şəkildə məhdudlaşdırılması ilə nəticələnir.
Xatırladaq ki, 2012-ci ildə qəbul edilən qanun əvvəlcə xaricdən maliyyələşən QHT-lərə şamil olunurdusa, sonradan KİV və fiziki şəxsləri də əhatə edəcək şəkildə genişləndirilib. Hazırda heç bir xarici maliyyə almayan, lakin "xarici təsir altında" olduğu iddia edilən şəxslər də siyahıya salınır.
“AzPolitika.info”


Şərhlər