Menu

Ermənistandakı AES nə qədər “yaşayacaq”? - Hökumət “radiaktiv ölüm” mənbəyindən əl çəkmək istəmir

09.09.2026, 15:25
Ermənistandakı AES nə qədər “yaşayacaq”? - Hökumət “radiaktiv ölüm” mənbəyindən əl çəkmək istəmir

“Biz Ermənistan Atom Elektrik Stansiyasının ömrünü 2036-cı ilə qədər, potensial olaraq isə 2041-ci ilə qədər uzatmaq üçün işləri davam etdirməyi planlaşdırırıq”.

“AzPolitika” xəbər verir ki, bunu "Ermənistan Atom Elektrik Stansiyası" QSC-nin baş direktoru Eduard Martirosyan İrəvanda keçirilən seminarda deyib. Erməni mediası onu naçıqlamalarını yayıb.

O, stansiyanın ömrünü 2041-ci ilə qədər uzatmaq üçün artıq işlərin aparıldığını bildirib və qeyd edib ki, Ermənistan Atom Elektrik Stansiyasının enerji bloku Ermənistanın elektrik enerjisinin 30-40%-ni istehsal edir.

"Bu, təkcə enerji təhlükəsizliyi baxımından deyil, həm də sosial baxımdan əhəmiyyətlidir, çünki son istehlakçılar üçün əlverişli elektrik enerjisi istehsal edir", - deyə o bildirib.

Qeyd edək ki, söhbət Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasından gedir. Bu stansiya həm yerli, həm də beynəlxalq ekspertlər tərəfindən bütün Cənubi Qafqaz regionu üçün ən ciddi təhlükə mənbələrindən biri hesab olunur. 1976-cı ildə inşa edilən bu stansiya köhnəlmiş texnologiyası və riskli coğrafi mövqeyi səbəbindən tez-tez gündəmə gəlir.

Qeyd edək ki, Metsamor stansiyası Türkiyə sərhədindən 17,5 km, İran sərhədindən 60 km, Azərbaycan sərhədindən isə 75 km məsafədə yerləşir. 2014-cü ildə Rusiya ilə Ermənistan arasında AES-in 2026-cı ilədək istismar müddətinin uzadılması üzrə hökumətlərarası razılaşma imzalanıb. 2015-ci ilin fevralında isə 270 mln. ABŞ dolları həcmində dövlət krediti və 30 mln. ABŞ dollarının təqdimatına dair razılıq əldə edilib. Bildirilir ki, stansiyanın radioaktiv tullantılarının daşınmasında problem yaranıb. Tullantının miqdarı çox olduğundan onun ölkə ərazisindən çıxarılaraq Rusiyaya daşınması əsas məsələ olaraq qalır. Tullantıların təyyarə ilə daşınması mümkün deyil. Gürcüstan üzərindən quru yolla daşınması bir sıra səbəblərə görə reallaşdırmaq olmur. Ona görə də tullantılar ölkə ərazisindəki keyfiyyəti məlum olmayan quyularda saxlanılır. Bu isə bölgə dövlətləri üçün təhlükə yaradır.

Mütəxəssislərin gəldiyi son qənaət belədir ki, "Metsamor" heç 7 bal gücündə zəlzələyə dözə bilməyəcək. Digər tərəfdən, bu AES-i kritik anda avtomatik söndürmək mümkün deyil. Bu halda istənilən qəza Çernobıldan daha böyük faciəyə səbəb ola bilər. Lakin buna baxmayaraq, Ermənistan hökuməti bu böyük təhlükə mənbəyini zorla da olsa “yaşatmaqda” israrlıdır.

C.Məmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol