İranın BMT-dəki səfiri və müvəqqəti işlər vəkili Qolamhüseyn Darzi BMT Təhlükəsizlik Şurasına məktub ünvanlayıb.
"AzPolitika" xəbər verir ki, diplomat məktubunda ABŞ-nin İranın mülki aviasiya sektorunda fəaliyyət göstərən 27 aviaşirkət və təşkilata tətbiq etdiyi sanksiyaları "iqtisadi terror, kollektiv cəza və insanlıq əleyhinə cinayət" kimi dəyərləndirib.
BMT-nin Baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasının rotasiya qaydasında sədrlik edən prezidentinə göndərilən məktubda bildirilir ki, bu sanksiyalar mülki təyyarələrin təhlükəsiz istismarı üçün zəruri olan ehtiyat hissələri, avadanlıqlar, texniki xidmət və təmir imkanlarını məhdudlaşdırır. Darzinin sözlərinə görə, mövcud məhdudiyyətlər həm sərnişinlərin və aviasiya əməkdaşlarının həyatını təhlükəyə atır, həm də milyonlarla vətəndaşın sərbəst hərəkət etmək hüququnu pozur.
Məktubda vurğulanır ki, ABŞ-nin bu addımları Beynəlxalq Ədalət Məhkəməsinin 3 oktyabr 2018-ci il tarixli qərarına ziddir. Həmin qərarda mülki aviasiyanın təhlükəsizliyinə və insanların həyatına yarana biləcək təhdidlər nəzərə alınaraq, ABŞ-dən İrana müvafiq mal və xidmətlərin sərbəst ixracına qoyulan maneələri aradan qaldırmaq tələb olunmuşdu.
İran nümayəndəsi bəyan edib ki, mülki əhalini qəsdən genişmiqyaslı məhrumiyyətlərə məruz qoymaq üçün iqtisadi-maliyyə rıçaqlarından sistemli istifadə olunması BMT Nizamnaməsinin və beynəlxalq hüququn, o cümlədən insan hüquqlarının pozulması deməkdir.
Sonda diplomat BMT Baş katibini və Təhlükəsizlik Şurasını ABŞ-dən birtərəfli məcburi tədbirləri dərhal dayandırmağı tələb etməyə, BMT-yə üzv dövlətləri isə bu sankiyaları tanımamağa və tətbiq etməməyə çağırıb.


Şərhlər