İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi ölkəsinin aviasiya sektorunu hədəf alan yeni ABŞ sanksiyalar paketini kəskin pisləyib və bunu "iqtisadi terrorizm" nümunəsi kimi qiymətləndirib.
“AzPolitika” İRNA agentliyinə istinadla xəbər verir ki, İranın BMT-dəki səfiri Qulamhüseyn Darzi BMT Təhlükəsizlik Şurasına ünvanladığı məktubda Vaşinqtonu "kollektiv cəzalandırma üsullarını tətbiq etməkdə və bəşəriyyətə qarşı cinayət törətməkdə" günahlandırıb.
Diplomatın sözlərinə görə, tətbiq edilən sanksiyalar BMT Nizamnaməsinin, həmçinin insan hüquqları və mülki əhalinin mühafizəsi öhdəlikləri də daxil olmaqla, beynəlxalq hüququn təməl normalarının açıq-aşkar pozulmasıdır.
Xatırladaq ki, ABŞ sentyabrın 8-də İranda fəaliyyət göstərən qalan 27 aviaşirkətin hamısına sanksiya tətbiq edərək, Tehranın aviasiya sektoru üzərindəki təzyiqi daha da artırıb.
ABŞ-nin Maliyyə naziri bildirib ki, İran aviasiyadan silah, canlı qüvvə və qeyri-qanuni yüklərin daşınması üçün istifadə edir. ABŞ Dövlət Departamentinin mətbuat katibi Tommi Piqott da Vaşinqtonun İranı aviasiya da daxil olmaqla bütün mümkün maliyyə kanallarından məhrum etməyə yönəlmiş kampaniyadan geri çəkilməyəcəyini vurğulayıb.
"AzPolitika.info"


Şərhlər