Ermənistanda müxalifətdə olan "Güclü Ermenistan" blokunun lideri, iş adamı Samvel Karapetyan Baş nazir Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb.
“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, Karapetyan Paşinyandan bu il mayın 29-da seçkiqabağı təşviqat zamanı səsləndirdiyi təhqiramiz ifadələrə görə açıq şəkildə üzr istəməsini və 3 milyon dram təzminat ödəməsini tələb edir.
Məhkəmə sənədlərində biznesmeni tam olaraq hansı ifadənin narahat etdiyi dəqiqləşdirilməsə də, həmin tarixdə Paşinyan çıxışında Karapetyanı "Ermənistan dövlətinə qarşı fəaliyyət göstərən casus" adlandırmışdı. Karapetyan üzrxahlığın "Facebook" səhifəsində canlı yayım vasitəsilə edilməsini tələb edir. İddia ərizəsi sentyabrın 9-da İrəvan Mülki Məhkəməsinin hakimi Tiqran Qriqoryan tərəfindən icraata götürülüb.
Samvel Karapetyan təkcə Paşinyanı deyil, onun komandasının digər üzvlərini də məhkəməyə verib. Belə ki, Təhlükəsizlik Şurasının katibi Alen Simonyandan mayın 19-da sosial şəbəkələrdə onun ünvanına səsləndirdiyi "xarici kəşfiyyat xidmətinin əməkdaşı" ittihamını təkzib etməsi və 6 milyon dram təzminat ödəməsi tələb olunur.
Paralel olaraq Karapetyan hakim partiyanın seçki çarxında İctimai TV vasitəsilə yayımlanan "oliqarx", "xalqı aldatmaq", "oy satın almaq", "müharibə qızışdırmaq" və "xarici casus" kimi ifadələrin təkzib olunması tələbi ilə iddia qaldırıb.
Nikol Paşinyan da öz növbəsində milyarder iş adamına qarşı iki mülki iddia qaldıraraq, ümumilikdə 6 milyon dram təzminat tələb edir. Paşinyan Karapetyanın mayın 7-də mətbuat konfransında səsləndirdiyi "Baş nazir Çində insanlarda halüsinasiya yaradan xüsusi göbələklər yeyib və Ermənistana 1 ton gətirərək çıxışlarından əvvəl onlardan istifadə edir" bəyanatını təkzib etməsini istəyir.
Baş nazir Karapetyanın onun Kanadada fərdi evinin olması ilə bağlı iddialarını yalanlamasını tələb edir.
Rasim
"AzPolitika.info"


Şərhlər