Menu

NEFT 50 DOLLARA?... - Rusiya Maliyyə naziri nədən ehtiyat edir?

22.09.2026, 13:40
NEFT 50 DOLLARA?... - Rusiya Maliyyə naziri nədən ehtiyat edir?

2027-ci il və sonrakı iki il üçün Rusiya büdcəsində neftin bir bareli 50 dollardan götürüləcək.

“AzPolitika” xəbər verirki, belə bir açıqlamailə Rusiya Maliyyə naziri Anton Siluanov çıxış edib. Onun “İnterfaks” tərəfindən yayımlanan açıqlamasında deyilir ki, neftin 50 dollardan yuxarı satılacaq qiymətindən əldə edilən fərq xərclənməyəcək və Milli Rifah Fonduna (MRF) yönəldiləcək.

Məsələ ondadır ki, MRF-də 4 trilyon rubldan( təxminən 47 milyar ABŞ dollar) da az likvid aktivlər - qızıl və yuan qalıb. Bu isə Rusiya kimi nəhəng ölkə üçün olduqca azdır.

2026-cı il büdcəsində Rusiya nefti 59 dollardan götürülmüşdü və 2030-cu ildə onu ildə bir dollar azaltmaq və 55 dollara endirmək planlaşdırılırdı. Lakin MRF-in vəziyyəti hökuməti ehtiyatları artırmaq üçün daha radikal addımlara məcbur edir.

Digər yandan, neftin büdcədə aşağı qiymətə götürülməsi büdcə xərclərini də azaltmağa vadar edir. Lakin müharibə dövründə büdcə xərcləri 2021-ci illə müqayisədə təxminən iki dəfə artıb. Əgər həmin vaxt xərclər 24,8 trilyon rubl təşkil edirdisə, bu il 44,1 trilyon rubl səviyyəsində planlaşdırılırdı. Lakin hələ il bitməyib, xərclər isə artıq 45 trilyonu keçib və bu, heç də yekun rəqəm deyil. Büdcə gəlirlərinin isə ilin sonuna qədər planlaşdırılan səviyyəyə (40,3 trilyon rubl) uyğun olacağı gözlənilir. Lakin xərclərin və kəsirin nə qədər artacağı barədə dəqiqlik yoxdur. Siluanov isə inandırmağa çalışır ki, kəsir ÜDM-in 3%-ni və ya 6,7 trilyonu keçməyəcək…

Bu arada Moskva meri Sergey Sobyanin də daxil olmaqla, bir çoxları pulun Milli Rifah Fondunda yığılmaq əvəzinə, iqtisadiyyatın real sektorunun inkişafına yönəldilməsinə çağırır. Rusiya Elmlər Akademiyasının İqtisadi Proqnozlaşdırma İnstitutu qeyd edir ki, fond infrastruktur layihələrinin maliyyələşdirilməsi mexanizminə çevrilib, lakin indi bu resurs demək olar ki, tükənib. İlin birinci yarısında ümumi investisiya təxminən 10% azalıb. Siluanov isə hesab edir ki, neft ucuzlaşa bilər, ona görə də ehtiyat yığmaq lazımdır. O, daha əvvəl qeyd etmişdi ki, ölkənin təbii ehtiyatları sonsuz deyil və əgər onlar tükənərsə, "heç kim bizim başımızı sığallamayacaq”.

Qeyd edək ki, Yaxın Şərqdəki müharibədən əvvəl Rusiyanın Urals markalı xam nefti bir neçə ay ərzində bareli 40-45 dollara satılırdı, bu, büdcədəki qiymətdən xeyli aşağı idi və Maliyyə Nazirliyi neft və qaz gəlirlərindəki kəsiri kompensasiya etmək üçün yanvar və fevral aylarında Milli Rifah Fondundan ayda 200 milyard rubl cəlb edirdi. Daha sonra qiymətlər yüksəldi və Maliyyə Nazirliyi bu il fondu 0,6-1 trilyon rubl artırmağı gözləyir. Lakin buna nail olunacağı o qədər də inandırıcı görünmür. Çünki ilin ilk səkkiz ayında büdcənin neft və qaz gəlirləri əvvəlki ilə nisbətən artmaq əvəzinə, 16,7% daha az olub…

E.Qüdrətoğlu

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol