Moldova Parlamenti elektrik enerjisi, yanacaq və su təchizatındakı kəsintilər, həmçinin təbii qazın kəskin bahalaşması təhlükəsi səbəbindən energetika və hidrologiya sahəsində fövqəladə vəziyyət rejimi tətbiq edib.
“Qafqazinfo” xəbər verir ki, müvafiq qərarın lehinə hakim “Fəaliyyət və Həmrəylik Partiyası”ndan olan 56 deputat səs verib.
Fövqəladə vəziyyət rejimi sentyabrın 26-dan etibarən qüvvəyə minəcək və 60 gün davam edəcək.
Müxalifət partiyalarının nümayəndələri isə hakimiyyəti korrupsiya və böhranı idarə edə bilməməkdə günahlandıraraq qərarın əleyhinə səs veriblər.
Qeyd edək ki, sentyabrın 21-də Moldova Prezidenti Maya Sandu qışa hazırlıq və mövsüm öncəsi enerji böhranından çıxış yollarını müzakirə etmək üçün Ali Təhlükəsizlik Şurasının iclasını çağırıb. Şuranın toplanması təbii qazın qiymətinin kəskin artması və bunun əhali üçün tariflərə birbaşa təsiri fonunda baş tutur. Avqustun sonunda hökumət aidiyyəti qurumun qaz tarifini 41% artırmaq qərarından sonra energetikada yüksək hazırlıq rejimini 30 gün müddətinə uzatmışdı.


Şərhlər