Menu

Vətəndaş müraciətlərinə baxılması ilə bağlı konfrans keçirilib - Təkliflər verilib

23.09.2026, 09:50
Vətəndaş müraciətlərinə baxılması ilə bağlı konfrans keçirilib - Təkliflər verilib

Azərbaycanda vətəndaş müraciətlərinə baxılması mexanizmlərinin təkmilləşdirilməsi, şəffaflığın artırılması və sahəyə yeni texnologiyaların tətbiqi istiqamətində vacib addım atılıb. “Konstitusiya” Araşdırmalar Fondunun təşəbbüsü və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş müraciətlərinə baxılmasının monitorinqi: şəffaflıq, cavabdehlik və innovasiyalar” layihəsi çərçivəsində yekun Tədqiqat Hesabatının təqdimatına həsr olunmuş konfrans keçirilib.

“Vətəndaş müraciətlərinə baxılması: Azərbaycan təcrübəsinin inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda təşkil olunan konfransda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, publik hüquqi şəxslərin məsul şəxsləri, deputatlar, QHT və media nümayəndələri iştirak ediblər.

Mötəbər iştirakçı heyəti və geniş miqyaslı tədqiqat

Tədbirə Milli Məclis, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyi, "ASAN xidmət", Ombudsman Aparatı, DİM, Dövlət Gömrük Komitəsi, Dövlət Məşğulluq Agentliyi, TƏBİB, həmçinin Bakının Nərimanov, Binəqədi, Yasamal və Sabunçu Rayon İcra Hakimiyyətlərinin nümayəndələri qatılıblar.

Konfransı giriş sözü ilə açan “Konstitusiya” Araşdırmalar Fondunun və layihənin rəhbəri Əliməmməd Nuriyev dövlət idarəçiliyinin səmərəliliyi və ictimai etimadın gücləndirilməsində vətəndaş müraciətlərinə baxılması mexanizmlərinin mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, Konstitusiyanın 57-ci maddəsi və “Vətəndaşların müraciətləri haqqında” Qanun vətəndaşların hüquqlarının reallaşdırılmasında təməl rol oynayır. Rəqəmsallaşma və süni intellektin inkişafı isə bu sahədə yeni çağırışlar ortaya qoyur.

Ə.Nuriyev bildirib ki, seçilmiş 49 dövlət qurumuna 19 spesifik sualdan ibarət vahid sorğu anketi göndərilib. Rəsmi cavab təqdim etmiş qurumların məlumatlarına əsasən, 1,289,912 vətəndaş müraciəti qeydə alınıb. Tədqiqat çərçivəsində 18 fərqli dövlət təsisatını təmsil edən 33 məsul əməkdaş prosesə cəlb edilib, 3 fokus qrup müzakirəsi və 10 dərinləşdirilmiş müsahibə təşkil olunub. Ə.Nuriyev layihəyə göstərdiyi maliyyə dəstəyinə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib.

Beynəlxalq təcrübə və təklif olunan əsas yeniliklər

Layihənin eksperti Zaur İbrahimli “Vətəndaş müraciətlərinə baxılması vəziyyətinin monitorinqi: Nəticələr və tövsiyələr” tədqiqat hesabatının əsas tapıntılarını təqdim edib. Tədqiqat zamanı Türkiyənin CİMER, Qazaxıstanın e-Otinish, Gürcüstan və Litva modelləri kimi beynəlxalq təcrübələr dərindən müqayisə olunub.

Ekspert idarəetmədə yaranan bürokratik yükün aradan qaldırılması üçün bir sıra mühüm təkliflər irəli sürüb:

Vahid rəqəmsal hovuz sistemi: Müraciətlərin ilkin mərhələdə süni intellekt və semantik analiz əsasında düzgün istiqamətləndirilməsini təmin edən vahid sistemin qurulması;

WhatsApp və messencerlərin qanuniləşdirilməsi: Gündəlik həyatda kütləvi istifadə olunan rəqəmsal tətbiqlərin (məsələn, WhatsApp) qanunvericilikdə rəsmi kargüzarlıq aləti kimi təsbit edilməsi;

Ştat tənzimlənməsi: Regionlardakı yerli icra hakimiyyətlərində iş yükünə uyğun olaraq ştat vahidlərinin tənzimlənməsi;

Həssas qruplar və təkrar müraciətlər: Həssas əhali qrupları üçün fərqli qəbul saatlarının müəyyənləşdirilməsi, təkrar müraciətlərlə bağlı qaydaların dürüstləşdirilməsi, məsuliyyətsizliyə qarşı inzibati tənbehlərin gücləndirilməsi və illik hesabatların açıqlanmasının icbari edilməsi.

Süni intellektin tətbiqi və parlamentarilərin mövqeyi

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul əməkdaşı Təbriz Abdulmənəfov çıxış edərək, qurumda vətəndaş müraciətlərinin idarə olunmasında süni intellekt və rəqəmsal innovasiyaların tətbiqi, elektron xidmətlər və avtomatlaşdırılmış dərkənar mexanizmləri barədə təqdimatla çıxış edib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev isə müraciətlərin sayının ildən-ilə artmasının köklü islahatları zəruri etdiyini vurğulayıb. Deputat bildirib ki, daha geniş miqyasda idarəetmə islahatları aparılmalı, səlahiyyətlər bölgüsünə yenidən nəzər salınmalıdır. Müraciətlərin təhlili əsasında preventiv (qabaqlayıcı) addımlar atılmalıdır.

Konfrans dövlət qurumları və QHT nümayəndələri arasında açıq müzakirələrlə davam edib. Sonda Əliməmməd Nuriyev səsləndirilən bütün dəyərli təkliflərin ümumiləşdirilərək aidiyyəti dövlət qurumlarına təqdim olunacağını diqqətə çatdırıb. Qeyd olunub ki, Tədqiqat hesabatının ilkin variantı “Konstitusiya” Araşdırmalar Fondunun rəsmi saytında yerləşdirilib və ictimaiyyət üçün açıqdır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol