Sentyabrın 25-ə keçən gecə Ukraynanın pilotsuz uçuş aparatları (PUA) Rusiyanın dərinliklərində yerləşən sənaye müəssisələrinə genişmiqyaslı hücum həyata keçirib. Hücumlar Perm diyarı, həmçinin Voronej, Rostov və Ulyanovsk vilayətlərini əhatə edib. Hadisə nəticəsində mülki şəxslər arasında ölüm və çoxlu sayda yaralananlar var.
Perm diyarının qubernatoru Dmitri Maxonin sənaye obyektinə hücum edildiyini təsdiqləyib. Onun sözlərinə görə, region üzərində 29 dron vurulsa da, qəlpə yaraları alan 1 nəfər həlak olub.
“Astra” teleqram kanalının məlumatına görə, PUA-lar “LUKOİL-Permnefteorqsintez” (PNOS) neft emalı zavoduna zərbə endirib. Ukrayna mənbələri (Supernova) bildirir ki, zavodda yeni təmir olunmuş ilkin neft emalı qurğusu vurulub.
Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix hücum nəticəsində biri uşaq olmaqla 8 nəfərin yaralandığını açıqlayıb. Hücumun əsas hədəflərindən birinin “Almaz-Antey” konserninə daxil olan və radioelektron aparatlar üçün komponentlər istehsal edən “İskra” Elmi-İstehsalat Müəssisəsi olduğu bildirilir. Həmçinin OZON-un logistika mərkəzinin də zərbəyə məruz qaldığı qeyd olunur.
Ən ağır nəticələr Voronej vilayətində qeydə alınıb. Qubernator Aleksandr Qusevin verdiyi məlumata görə, 6 yaşlı uşaq da daxil olmaqla 13 nəfər xəsarət alıb, 2 nəfərin vəziyyəti ağırdır və reanimasiyadadırlar.
Region üzərində 88 dronun vurulduğu iddia edilsə də, PUA-lar məqsədinə çatıb. Zərbələr nəticəsində çoxmərtəbəli və fərdi yaşayış evlərinə, avtomobillərə və sənaye obyektlərinə ciddi ziyan dəyib. Məlumata görə, dronlar “SİBUR” holdinqinə daxil olan və sintetik kauçuk istehsal edən “Voronejsintezkauçuk” zavodunu vurub.
“AzPolitika.info”


Şərhlər