Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasına sədrlik edib.
"AzPolitika" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazir çıxışında ortaq köklər və tarixlə bağlı olan Türk dövlətləri arasında həmrəyliyin dərinləşməsini vurğulayaraq dəyişən qlobal çağırışlar fonunda çoxtərəfli tərəfdaşlığın gücləndirilməsinin strateji zərurət olduğunu qeyd edib.
Ceyhun Bayramov Qəbələ Zirvə görüşündə qəbul edilmiş qərarlar və irəli sürülmüş təşəbbüslərdən sonra Azərbaycanın sədrliyi dövründə əldə olunan əsas nəticələr barədə məlumat verib. Nazir Azərbaycan tərəfindən təşkil olunan tədbirlərdə fəal iştirak etdiklərinə görə üzv dövlətlərə təşəkkür edib.
Türk xalqlarının dilinin, tarixinin və mədəni irsinin öyrənilməsinə mühüm töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbirlər mühüm nailiyyət kimi qeyd olunub.
Bundan əlavə, Bakıda keçirilən son görüşlərin, o cümlədən Təhlükəsizlik Şuraları katiblərinin, Müsəlman Dini İdarələri rəhbərlərinin və aparıcı milli analitik mərkəzlərin görüşlərinin bu gündəliyin genişliyini nümayiş etdirdiyi bildirilib.
Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da artırılmasının vacibliyini vurğulayan nazir Təşkilata BMT Baş Assambleyasında müşahidəçi statusunun verilməsinin ümumi məqsədlərdən biri olduğunu qeyd edib.
O, türk coğrafiyasında fiziki nəqliyyat əlaqələrinin və tranzit infrastrukturunun gücləndirilməsinin, regional dayanıqlılıq və əlaqəliliyin artırılmasının strateji zərurət olduğunu bir daha vurğulayıb.
Həmçinin ticarət, enerji, İKT, elm, texnologiya və mədəniyyət sahələrində praktiki və konkret istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinin, biznes icmaları və xalqlar üçün birbaşa imkanların yaradılmasının prioritet olduğu bildirilib.
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə Antalyada COP31-ə və Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşünə ev sahibliyi etməsi münasibətilə uğurlar arzulayıb və Azərbaycanın davamlı dəstəyini bir daha təsdiqləyib.
Görüş Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Bəyanatının qəbul edilməsi ilə başa çatıb.


Şərhlər