NATO Rusiya təyyarələrini və PUA-larını vura bilər.
“AzPolitika” xəbər verir ki, bunu Çexiya Prezidenti Petr Pavel bildirib.
Nyu-Yorkda BMT Baş Assambleyasında iştirak edən Pavel “Fox News”-a açıqlamasında deyib ki, NATO Rusiya təyyarələrini və dronlarını qəsdən alyansın hava məkanını pozub xəbərdarlıqlara cavab vermədikləri halda vurmağa başlaya bilər: "Vaxt gələ bilər ki, hazırlığımızı sınaqdan keçirən bu təyyarələrin və ya dronların bəzilərini vurmalı olacağıq".
Həmçinin general və NATO Hərbi Komitəsinin keçmiş sədri olan Çexiya Prezidentinin sözlərinə görə, alyans ölkələri eskalasiyadan yayınmağa çalışırlar, lakin Moskva bu cür təmkinliliyi zəiflik əlaməti kimi qəbul edə bilər.
"Qorxuram ki, onlar bizi qətiyyətli addım atmaq iradəsi olmayan kimi görəcəklər. Rusiyanın gözündə bu, zəiflik əlamətidir. Onlar gücə hörmət edirlər", - Pavel bildirib.
O qeyd edib ki, NATO-nun hava məkanının qəsdən olmayan pozulması ilə bağlı prosedurları var: hərbçilər pozucuya xəbərdarlıq edir və onlarla əlaqə qurmağa çalışırlar. Lakin o bildirib ki, əgər pozuntu qəsdən baş verərsə və heç bir cavab verilməzsə, tədbir görülməlidir.
"Əgər bu, qəsdən edilmiş bir hərəkətdirsə və qayda pozan tərəf bizim tədbirlərimizə cavab vermirsə, onda biz hərəkətə keçməliyik, əks halda Rusiya sadəcə irəliləyəcək", - deyə o bildirib.
Çexiya Prezidenti həmçinin bildirib ki, mövcud vəziyyət ona NATO-da vəzifədə olduğu dövrü xatırladır. O zaman Rusiya təyyarələri NATO hərbi qüvvələrinin iradəsini Suriya üzərində sınaqdan keçirib və dəfələrlə Türkiyənin hava məkanını pozub. 2015-ci ildə Türkiyə belə bir hadisədən sonra Rusiya hərbi təyyarəsini vurub.
Pavel həmçinin Rusiyanın Ukraynadakı müharibəyə son qoymaq üçün danışıqlara ciddi yanaşdığına şübhə etdiyini bildirib. Çexiya Prezidenti hesab edir ki, Moskva əvvəlcə atəşkəsə razılaşmalı və sonra ilkin şərtlər olmadan danışıqlara başlamalıdır.
Pavel həmçinin NATO ölkələrində silah çatışmazlığı barədə xəbərdarlıq edib. O bildirib ki, Ukrayna və Yaxın Şərqdəki müharibələr mövcud sursat ehtiyatlarının tez tükəndiyini və müdafiə sənayesinin tələbata cavab verə bilmədiyini göstərib. O, Avropanı və ABŞ-ni silah istehsalını sürətləndirməyə və çox "uzun və sərt" olan tədarük sistemlərini dəyişdirməyə çağırıb.
Çexiya Prezidentinin bu sözləri NATO-nun şərq cinahındakı yeni insidentlər fonunda səslənib. Belə ki, rəsmi açıqlamalara görə, 23 sentyabrda Rusiyanın Mi-8 hərbi helikopteri Kalininqrad vilayətindən Polşa sərhədini keçib və bu da Polşa ordusunu qırıcı təyyarələri havaya qaldırmağa vadar edib. Növbəti gün isə Rumıniyanın hava məkanında naməlum hava hədəfi görünüb və bundan sonra F-16 təyyarəsi havaya qaldırılıb.
“AzPolitika.info”


Şərhlər