Sumqayıt bulvarında iri ölçülü hörümçək görülül və bu barədə sosial şəbəkələrdə paylaşılan kadrlar həyacan yaradıb. Hörümçəyin iriliyi onun zəhərli olması ilə bağlı ehtimalları gündəmə gətirib.
Hörümçəyin hansı növə aid olduğu və insan üçün təhlükə yaradıb-yaratmadığı müəyyən suallar doğurur.
Mövzu ilə bağlı "AzPolitika"ya danışan heyvanlar üzrə mütəxəssis Samir Məmmədov bildirib ki, son dövrlər havaların isti keçməsi ilə əlaqədar hörümçəklərin daha çox müşahidə olunması normal haldır:
"Müxtəlif hörümçək növləri bir-birinə bənzəyə bilər və bu səbəbdən onların dəqiq müəyyənləşdirilməsi vacibdir. Bu cür hallarda panikaya düşməyə ehtiyac yoxdur. Hörümçəyin insan üçün mütləq şəkildə təhlükəli və ya ölümcül olması barədə fikir yürütmək düzgün deyil. Bununla belə, hər hansı dişləmə baş verərsə, xəstəxanaya müraciət etmək və vəziyyəti həkim tərəfindən qiymətləndirmək lazımdır".

Onun sözlərinə görə, insanların təbiətlə təmasda olmaqdan və çölə çıxmaqdan qorxmasına ehtiyac yoxdur. Sadəcə, hörümçəklərə yaxınlaşmamaq və onlarla birbaşa təmasdan çəkinmək tövsiyə olunur.
Mütəxəssis əlavə edib ki, belə hallarda əsas məsələ ehtiyatlı olmaq və gigiyena qaydalarına riayət etməkdir:
"Əllərin təmiz saxlanılması və hörümçəklərlə birbaşa təmasın qarşısının alınması kifayətdir. Bu, normal bir haldır. Panikaya düşməyə ehtiyac yoxdur. Sadəcə, təbiətlə təmasda yaşamağı və ehtiyatlı davranmağı öyrənməliyik. Azərbaycanda yaşayan hörümçəklərin çoxu zərərsizdir. Bu hörümçəklər insanlarla təmasdan qaçırlar. Hələ hörümçək zəhərlənməsindən ölüm halı müşahidə edilməyib. Amma Qırmızı kitaba düşən "Canavar" hörümçəyinə, yaxud "Qaradul" a bənzəyir. Yemi olmadıqda, çütləşmək istədikdə hörümçəklər bu cür üzə çıxırlar. Zəhərli olsa belə, toxunmasaq, təmas etməsək, o zaman heç bir problem yaranmayacaq".
Günəş Fərəh
Azpolitika.info


Şərhlər