Azərbaycan ilə Suriya arasında iqtisadi əməkdaşlıq müzakirə olunub.
Nazirlər Kabinetinin məlumatına görə, Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb.
Görüşdə İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əhəmiyyəti vurğulanıb.
Azərbaycan ilə Suriya arasında münasibətlərin son dövrdə müsbət dinamika ilə inkişaf etdiyi vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında keçirilmiş görüşlərin və davamlı təmasların ikitərəfli siyasi dialoqun möhkəmləndirilməsinə, eləcə də əməkdaşlığın müxtəlif sahələr üzrə genişləndirilməsinə əlverişli zəmin yaratdığı qeyd olunub.
Azərbaycan təbii qazının Suriyaya tədarükü iki ölkə arasında iqtisadi əməkdaşlığın praktik nəticələr verən mühüm nümunəsi kimi dəyərləndirilib.
Humanitar sahədə həyata keçirilən təşəbbüslərin, o cümlədən Azərbaycan Hökumətinin dəstəyi ilə Suriyada təhsil infrastrukturunun bərpasına yönəlmiş layihənin əhəmiyyəti vurğulanıb.
Görüşdə Azərbaycan ilə Suriya arasında ticarət-iqtisadi, investisiya, energetika, infrastruktur və humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Görüşdə Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov iştirak edib.
Qeyd edək ki, Suriyanın iqtisadiyyat və sənaye naziri Məhəmməd Nidal əl-Şaar Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ilk günündə çıxışı zamanı Suriya-Azərbaycan Birgə Biznes Şurasının yaradıldığını elan edib.
Nazir forum çərçivəsində Trend-ə açıqlamasında Birgə Biznes Şurasının yaradılmasının iki ölkənin işgüzar əlaqələrinin inkişafı baxımından mühüm olduğunu vurğulayıb.
“Bu platforma Suriya və Azərbaycan arasında qarşılıqlı əlaqələr üçün bir növ qapı olacaq. Biznes nümayəndələri tərəfdaşlıqların yaradılması, investisiya imkanlarının araşdırılması və hər iki ölkəyə kapital cəlb edilməsi baxımından çox mühüm rol oynayırlar”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, Birgə Biznes Şurası iki ölkənin biznes dairələrinə qarşılıqlı investisiya imkanlarını daha yaxından araşdırmağa şərait yaradacaq.
“Biznes nümayəndələrinə hər iki ölkədə mövcud imkanları araşdırmaq imkanı vermək istəyirik. Bu platforma ticarət və investisiya sahəsində hökumətlərin maraqlarının irəlilədilməsi üçün bir vasitə olacaq”, - M.N.əl-Şaar deyib.


Şərhlər