Menu

Latviyada Anım Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR

26.09.2026, 15:10
Latviyada Anım Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr – Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə Azərbaycanın Latviyadakı səfiri Nərminə Mustafayeva açıb. O, altı il bundan öncə, 27 sentyabr 2020-ci il tarixində, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq əks-hücum əməliyyatına başladığını və bunun 44 günlük Vətən müharibəsinin başlanğıcı olduğunu diqqətə çatdırıb. Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə hər il sentyabrın 27-nin Anım Günü kimi qeyd olunduğunu bildirib.

Səfir torpaqlarımızın erməni işğalından azad olunmasında fədakarlıq göstərmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını ifadə edib.

N.Mustafayeva bildirib ki, Vətəndən uzaqda yaşayan azərbaycanlılar dövlətimizin həqiqətlərini yaşatmalı, milli yaddaşımızı qorumalı və gələcək nəsillərə ötürməlidirlər. O, həmçinin şəhidlərimizin bizə əmanət qoyduğu vətən sevgisini və birlik ruhunu hər zaman uca tutmağın vacibliyini vurğulayıb.

Daha sonra Liepaya Musiqi, İncəsənət və Dizayn Orta Məktəbinin caz bölməsinin rəhbəri, tanınmış akkordeon ifaçısı, həmyerlimiz Rüstəm Bağırov, ifaçı Leyla Əliyeva və latviyalı musiqiçilər Azərbaycan xalq və bəstəkar kompozisiyalarından ibarət musiqi proqramını təqdim ediblər.

Tədbir zamanı həmçinin səfirlikdə Vətən müharibəsini əks etdirən fotolardan ibarət sərgi təşkil olunub.

Tədbirdə Latviyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcə də Latviyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol