Menu

Ukrayna Rusiyada yeni hədəf tapıb - İndiyə qədər onları vurmurdu

28.09.2026, 15:43
Ukrayna Rusiyada yeni hədəf tapıb - İndiyə qədər onları vurmurdu

Bu gün səhər Ukrayna PUA-ları Rusiyanın Bryansk vilayətində dəmir yolu infrastrukturuna hücum edib.

"AzPolitika" xəbər verir ki, bu barədə vilayət qubernatoru Yeqor Kovalçuk məlumat paylaşıb.

Onun sözlərinə görə, Dyatkovo-Lyudinovo hissəsinə endirilən zərbələr nəticəsində dəmir yolu körpüsünün bir hissəsi uçub və 10 vaqon relsdən çıxıb. Uneçski rayonundakı dəmir yoluna da hücum edilib və nəticədə 18 vaqon relsdən çıxıb. Navlinski rayonunda dron relsə zərər vurub. Kovalçuk qeyd edib ki, hər üç hadisədə itki olmayıb.

Ukrayna ordusu buna qədər Rusiya dəmir yollarına qarşı dron hücumlarından istifadə etmirdi. Lakin Ukraynada tammiqyaslı müharibənin başlamasından bəri Rusiyada diversiya yolu ilə bir neçə dəmir yolunun partladılması hadisəsi baş verib. 2025-ci ilin yayında Bryansk bölgəsində sərnişin qatarının hərəkəti zamanı körpü uçub, yeddi nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Bundan əlavə, ötən ilin iyun ayında Voronej və Belqorod vilayətlərində dəmir yolları partladılıb.

2025-ci ilin sentyabr ayının ortalarında Leninqrad vilayətində iki dizel lokomotivi relsdən çıxıb və nəticədə maşinist həlak olub. Oryol vilayətində isə yol yoxlaması zamanı partlayış baş verib və iki nəfər ölüb. Bu ilin aprel ayının əvvəlində Ulyanovsk vilayətində Çelyabinskdən Moskvaya gedən sərnişin qatarının yeddi vaqonu relsdən çıxıb. Qatarda 15 vaqon və 415 sərnişin olub. Səkkiz nəfər yaralanıb.

Rusiya isə artıq xeyli müddətdir Ukraynadakı qatarları PUA-larla hədəf almağa başlayıb və onlardan istifadə edərək ayda 40-a qədər lokomotivi məhv edib. Müharibənin başlanğıcından bəri 500-dən çox lokomotiv vurulub ki, bunların da 60%-i son səkkiz ayda baş verib. Hücumların əksəriyyəti cəbhə xəttindən və ya Rusiya sərhədindən 200 km məsafədə baş verir.

"Ukrzaliznitsia" şirkətinin baş direktoru Oleksandr Pertsovski qeyd edib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı və Dünya Bankının maliyyə dəstəyi ilə belə, şirkət sıradan çıxan lokomotivləri tezliklə təmir edə bilmir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol