“Bakcell” və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycanın tarixi-mədəni irsinin rəqəmsal təqdimatına yönəlmiş layihənin icrasına başlayıb.
Təşəbbüs çərçivəsində Şirvanşahlar Sarayı və Qız Qalasında artırılmış reallıq (AR) və süni intellekt texnologiyalarını bir araya gətirən yeni nəsil audio-vizual bələdçi istifadəyə veriləcək.
Audio-vizual bələdçi vasitəsilə ziyarətçilər abidələr haqqında müxtəlif dillərdə məlumat əldə edə, artırılmış reallıq texnologiyası (AR) vasitəsilə isə seçilmiş məkanların tarixi görünüşünü rəqəmsal şəkildə görə biləcəklər. Layihədə tətbiq olunan süni intellekt texnologiyaları isə ziyarətçilərə daha interaktiv təcrübə təqdim edəcək.
"Tarixi irsimiz keçmişimizi yaşatmaqla yanaşı, gələcək nəsillərə də müasir və maraqlı formatda çatdırılmalıdır. “Bakcell” olaraq inanırıq ki, innovativ texnologiyalar yalnız insanların gündəlik həyatını asanlaşdırmır, eyni zamanda mədəni irsin təbliği və tanıdılmasına və ziyarətçi təcrübəsinin zənginləşdirilməsinə də mühüm töhfə verir", – deyə “Bakcell”in baş icraçı direktoru Qunnar Panke bu rəqəmsal layihənin əhəmiyyətindən danışarkən bildirib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud qeyd edib ki, tətbiq olunan yeniliklər qurumun “Smart Heritage” konsepsiyasına keçidini sürətləndirir: “Məqsədimiz tarixi irsimizi müasir texnologiyalarla uzlaşdıraraq həm sakinlər, həm də şəhərimizin qonaqları üçün unikal təcrübə yaratmaqdır. Bu cür rəqəmsal yanaşmalar İçərişəhərin qlobal turizm mərkəzi kimi dayanıqlı inkişafına töhfə verəcək”.
Tərəfdaşlıq çərçivəsində “Bakcell”in təqdim etdiyi innovativ texnologiyalar və süni intellekt əsaslı həllər qoruğun rəqəmsal transformasiyasına dəstək verəcək. Bununla yanaşı, interaktiv rəqəmsal xəritələrin və audio-vizual bələdçi həllərinin hazırlanması, smart turizm ekosisteminin inkişafı, eləcə də tarixi abidələrin 3D skanı, modelləşdirilməsi və rəqəmsal əkizlərinin yaradılması istiqamətində birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group”a daxildir.


Şərhlər