Menu

AZƏRBAYCANDA BOŞANMA BAYRAMA ÇEVRİLİR... - Sosioloq təhlükəli tendensiyadan danışdı

29.09.2026, 09:07
AZƏRBAYCANDA BOŞANMA BAYRAMA ÇEVRİLİR... - Sosioloq təhlükəli tendensiyadan danışdı

Son dövrlərdə bəzi cütlüklərin boşanmanı adi ayrılıqdan fərqli olaraq tort, musiqi, xüsusi geyim və fotosessiya ilə qeyd etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olur. Bəzi insanlar bunu uğursuz nikahdan qurtuluşun simvolu kimi təqdim etsələr də, boşanmanın bayram ab-havasında nümayiş etdirilməsi cəmiyyətdə birmənalı qarşılanmır. Xüsusilə belə görüntülərin sosial şəbəkələrdə geniş yayılması gənclərin ailə və nikah anlayışına münasibətinə təsiri baxımından da müzakirə olunur.

Bəs boşanmanın təmtəraqlı şəkildə qeyd edilməsi hansı sosial və psixoloji mesajı verir? Bu cür “boşanma mərasimləri” ailə institutuna və gənclərin nikaha baxışına real təsir göstərə bilərmi?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında sosioloq Mail Yaqub bildirib ki, bu cür mərasimlər, təəssüf ki, təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə, o cümlədən müsəlman Şərqində də yayılıb.

Onun sözlərinə görə, bu, mənfi tendensiyanın formalaşmasına rəvac verir: “Bunun ən pis tərəfi odur ki, ailə qurmaq istəyən gənclərə ailənin təhlükəli bir şey olduğu mesajını verir. Sanki insan ‘ailədən xilas oldum, baxın, sevinirəm və bunu təmtəraqla qeyd edirəm’ deyir. Bu isə ailənin təhlükəli olduğu təsəvvürünü yaradır. Bütün dünyada ailə institutuna qarşı müəyyən təzyiqlər müşahidə olunur. Avropa ölkələri də bu prosesin içindədir. Bu təsir bizə də gəlib çatıb. Boşanmaların sayı artıb, ailə institutuna qarşı ciddi münasibət dəyişikliyi yaranıb. Ailə qurmağın pis, ailəli olmağın isə təhlükəli olduğu kimi yanaşmalar formalaşır. Ailədən ayrılan insanların bunu təmtəraqla qeyd etməsi də həmin tendensiyanın bir təzahürüdür”.

Sosioloq qeyd edib ki, bu, müəyyən mənada dəblə də bağlıdır. İnsanlar hər vəchlə özlərini sosial şəbəkələrdə nümayiş etdirmək, diqqət və reytinq qazanmaq istəyirlər: “Boşanmanı xüsusi mərasimlə qeyd etmək isə nə məntiqə, nə də bizim milli-mənəvi dəyərlərimizə uyğun gəlir. Hər bir halda biz azərbaycanlıyıq. Bizdə ailənin müqəddəsliyi anlayışı olub və olmalıdır da. Bu, mədəniyyətimizin tərkib hissəsidir. Biz avropalı ola bilərik, amma bunu birdəfəlik nəzərə almalıyıq. Dünya qloballaşdıqca etnik mədəniyyətlər öz dəyərlərini qoruyub saxlamalıdır. Bütün dünyanın vahid Avropa mədəniyyətinə bürünməsi zəruri deyil.

Hər bir xalq öz mədəniyyətini qoruyub saxlamalıdır. Bu, olduqca mənfi tendensiyadır və pislənməlidir. Bütün ziyalılar və fikirlərini ictimaiyyətə çatdıra bilən insanlar buna münasibət bildirməli, bu cür yanaşmaları pisləməlidirlər”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol