ABŞ İran Müdafiə Nazirliyinə silah və komponentlərin alınmasında yardım etməkdə ittiham olunan 10 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
Bu barədə "Reuters" agentliyi ABŞ Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Sanksiya siyahısına Çin, Honkonq və Pakistanda yerləşən strukturlar da daxil edilib.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, məhdudiyyətlər Donald Tramp administrasiyasının İrana iqtisadi təzyiq göstərilməsi və Tehranın təcrid olunmasına yönəlmiş daha geniş kampaniyasının bir hissəsidir.
“Maliyyə Nazirliyi maddi, texnoloji və ya maliyyə dəstəyi göstərən şəxsləri müəyyənləşdirməyə və onların fəaliyyətini məhdudlaşdırmağa davam edəcək”, – deyə ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib.
Onun sözlərinə görə, Vaşinqton İrana göstərilən dəstəyi qəbul etməyəcək və Tehrana yardım edən şəxsləri müəyyənləşdirmək, ifşa etmək və təcrid etmək istiqamətində fəaliyyətini davam etdirəcək.
ABŞ Maliyyə Nazirliyi sanksiyaların İranın silah proqramlarını bərpa etmək imkanlarını zəiflətmək, eyni zamanda Tehranın silah əldə etməsinə kömək edənlər üçün bunun maliyyə və iqtisadi nəticələrini artırmaq məqsədi daşıdığını bildirib. /Apa


Şərhlər