Menu

Pensiya vədi ilə 13 min manatlıq dələduzluq

02.10.2026, 17:16
Pensiya vədi ilə 13 min manatlıq dələduzluq

Lerikdə bir şəxsin nəvəsinin pensiyasını bərpa etdirəcəyini vəd edərək ondan pul alan şəxs məhkəmə qarşısına çıxarılıb.

"AzPolitika" xəbər verir ki, ittihama görə, təqsirləndirilən şəxs 2022-ci ilin sonlarında zərərçəkmiş şəxslə görüşərək onun nəvəsinin kəsilmiş pensiyasını bərpa etdirə biləcəyini deyib. Bu vədin müqabilində əvvəlcə 2 min 200 manat istəyib və həmin məbləği alıb.

Bundan sonra isə vədlər davam edib. Təqsirləndirilən şəxs 2023-cü ilin əvvəlində zərərçəkmiş şəxsdən daha 2 min 200 manat alıb. O, həmçinin zərərçəkmiş şəxsin özünün və həyat yoldaşının pensiyasını artıracağını vəd edib.

İş materiallarına əsasən, müxtəlif vaxtlarda təqsirləndirilən şəxsə ümumilikdə 13 min 280 manat pul verilib. Zərərçəkmiş şəxsin ifadəsinə görə, bu məbləğin 5 min 300 manatı sonradan ona qaytarılıb, 7 min 980 manat isə ödənilməyib.

İş üzrə ödənişlərə dair sənədlərdə də müxtəlif tarixlərdə 2 min 200, 1 min 500, 660 və 1 min 260 manat məbləğində pul köçürmələri əksini tapıb.

Təqsirləndirilən şəxs məhkəmədə ittihamı qəbul edib. O bildirib ki, zərərçəkmiş şəxslə tanışı vasitəsilə əlaqə saxlayıb və nəvəsinin pensiyasının bərpa edilməsinə köməklik göstərə biləcəyini deyib. Daha sonra bunun müqabilində pul alıb.

Məhkəmə araşdırması zamanı toplanmış sübutları qiymətləndirərək təqsirləndirilən şəxsin özgənin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirdiyi nəticəsinə gəlib.

Əməllər Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi (dələduzluq – etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, təkrar törədildikdə) ilə tövsif edilib.

Lerik Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Tutulduğu 2 gün cəza müddətindən çıxıldıqdan sonra üzərində qəti olaraq 2 il 2 ay 28 gün həbs cəzası saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol