Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib.
"AzPolitika" Manset.az-a istinadən xəbər verir ki, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, bloger kimi tanınan Sevinc Hüseynovanın cəzalandırılmasını istəyib.
Şəhid anasının sözlərinə görə, Sevinc Hüseynova ona sosial şəbəkə vasitəsilə təhqiramiz ifadələr yazmaqla yanaşı, hədələyərək “səni xalqa tanıdacağam” ifadəsini işlədib. Şəhid anası isə buna cavab olaraq oğlunun onun adını xalqa tanıtdığını bildirib.
Şəhid anası müraciətində baş verənlərin araşdırılmasını və hüquqi qiymət verilməsini xahiş edib. Bloger şəhid anasını təhqir etdikdən sonra sosial şəbəkələrdə “Səni təhqir eləmişəm, əcəb eləmişəm” deyə ağır ifadələr işlədib. Bu isə cəmiyyətdə ciddi narazılığa səbəb olub və böyük səs-küy yaradıb.
“Biz itik, ulaşaq? Əgər biz itiksə və ulaşırıqsa, bəs bu oğullar kimdir onda? Məni şantaj edərək bildirdi ki, səni xalqa tanıdacağam. Məni xalqa tanıtmağa ehtiyac yoxdur. Mənim oğlum məni xalqa tanıdıb”, – şəhid anası bildirib.
Qeyd edək ki, bloger kimi tanınan Sevinc Hüseynova daha əvvəl də bir sıra qalmaqallarla gündəmə gəlib və müxtəlif tanınmış şəxslərlə bağlı mübahisələrdə yer alıb. Onun hazırda bəzi məsələlərlə bağlı məhkəmə prosesləri gedir.


Şərhlər