Menu

İranda Mirzoyan-Araqçı görüşü - TRIPP layihəsini Tehrana əsaslandırmağa çalışır

05.10.2026, 16:43
İranda Mirzoyan-Araqçı görüşü - TRIPP layihəsini Tehrana əsaslandırmağa çalışır

Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Tehrana səfəri çərçivəsində iranlı həmkarı Abbas Araqçı ilə görüşüb. Görüşün əsas müzakirə mövzularından biri Ermənistan-İran sərhədindən keçən TRIPP layihəsi və regionda nəqliyyat kommunikasiyalarının bərpası məsələsi olub.

“AzPolitika” Ermənistan XİN-in yaydığı məlumata istinadla xəbər verir ki, tərəflər blokadanın aradan qaldırılması və regional infrastrukturların açılmasının doğuracağı faydalar ətrafında fikir mübadiləsi aparıblar. İrəvan tərəfi İranın Ermənistan hökuməti tərəfindən irəli sürülmüş “Sülh kəsişməsi” layihəsinə verdiyi dəstəyi xüsusi vurğulayıb.

Qeyd edək ki, İrəvan TRIPP proqramının region dövlətlərinə, o cümlədən İran və Rusiyaya yeni imkanlar qazandıracağını iddia edir. Lakin Vaşinqtonla gərgin münasibətlərdə olan Tehran bu layihəyə ehtiyatla yanaşır.

Xatırladaq ki, bir qədər əvvəl İranın İrəvandakı səfiri bəyan etmişdi ki, Tehran yalnız ABŞ-nin qonşu ərazidə hərbi və ya təhlükəsizlik varlığının istisna olunması, eləcə də Ermənistanın ərazi bütövlüyü və suverenliyinə xələl gəlməməsi şərtilə bu layihəyə qarşı çıxmayacaq. Çünki Cənubi Qafqazda hər hansı geostrateji və ya sərhəd dəyişikliyi Tehran üçün “qırmızı xətt” sayılır.

Görüşdə Mirzoyan və Araqçı ikitərəfli iqtisadi və nəqliyyat əlaqələrini də müzakirə ediblər:

-Ermənistan-İran sərhədində ikinci körpünün inşası;

-Üçüncü elektrik ötürmə xəttinin tikintisinin tezliklə yekunlaşdırılması;

-İki ölkə arasında yükdaşımaların asanlaşdırılması.

Ermənistan XİN-in bəyanatında qeyd olunur ki, İrəvanın 2026–2031-ci illər üçün hökumət proqramında da əks olunduğu kimi, iki ölkə arasındakı münasibətlər strateji xarakter daşıyır.

Bundan əlavə, rəsmi məlumatda birbaşa qeyd olunmasa da, ABŞ-İran qarşıdurmasına da toxunulub. Mirzoyan İrəvanın mövcud gərginliyi diqqətlə izlədiyini və problemlərin yalnız danışıqlar yolu ilə həllinin vacibliyini bildirib. İran XİN-in mətbuat katibi İsmayıl Bəqayi isə bu səfərin iki ölkə arasında davamlı məsləhətləşmələr və regional təhlükəsizliyin möhkəmləndirilməsi çərçivəsində tutduğunu bəyan edib.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol