4 oktyabr 2026-cı il tarixində “LIBRAFF” kitab mağazalar şəbəkəsinin “Park Akademiya” filialında Katana Qafarovanın “Çin – mənim arzum” kitabının təqdimat mərasimi keçirilib.
Kitabın müəllifi Katana Qafarova Çin dili müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktorudur (PhD). O, Çinin Renmin Universitetində doktorluq dərəcəsi almış yeganə azərbaycanlıdır.
“Çin – mənim arzum” kitabı müəllifin Çində təhsil almaq arzusu, bu məqsədə çatmaq üçün keçdiyi yol və şəxsi təcrübələri əsasında qələmə alınıb. Əsərdə Çin dili və mədəniyyəti, Pekində tələbə həyatı, magistratura və doktorantura təhsili, beynəlxalq akademik mühit, eləcə də xaricdə təhsil almaq istəyən gənclər üçün praktik tövsiyələr yer alır.
Müəllif kitabda yalnız uğurlarını deyil, həmin uğurların arxasında dayanan uzun hazırlıq mərhələlərini, qarşılaşdığı çətinlikləri, tərəddüdləri, məsuliyyət hissini və şəxsi inkişaf prosesini də oxucularla bölüşür.
Kitab yalnız Çin və xaricdə təhsillə maraqlananlar üçün deyil, böyük arzular qurmaqdan çəkinməyən, qarşısına məqsəd qoyan və həmin məqsədə doğru inamla addımlayan hər kəs üçün ilham mənbəyidir.
Əsərin əsas mesajı isə sadədir: insanın taleyini dəyişən təkcə arzuları deyil, bu arzulara doğru hər gün atdığı kiçik, lakin ardıcıl addımlardır.


Şərhlər