Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 5A ünvanında yerləşən, fiziki şəxs Raul Samir oğlu Aslanlıya məxsus "Piano Hall" şadlıq evində yoxlama keçirib.
"AzPolitika" xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Yoxlama zamanı ictimai iaşə obyektində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, şadlıq evinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub.
Obyektdə istehlaka yararsız göbələk, müşayiətedici sənədləri olmayan süni kürü, mənşəyi məlum olmayan süd məhsulları, üzərində hazırlanma tarixləri qeyd edilməyən yarımfabrikatlar aşkarlanıb.
Eyni zamanda, menyuda süni kürünün istifadəsi ilə bağlı qeyd aparılmadığı, məhsulların temperatur rejiminə riayət edilmədiyi, mətbəxdə istifadə olunan alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər tələblərin pozulduğu müəyyən edilib.
Faktla bağlı inzibati protokol tərtib edilib və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.


Şərhlər