"Kiyevin əsas enerji obyektlərindən birinə hücum edilib. Enerji işçiləri elektrik enerjisini tez bir zamanda bərpa etmək üçün əllərindən gələni edirlər. Rusiyanın PUA hücumu hazırda davam edir. Bütün xidmətlər cəlb olunub".
“AzPolitika” xəbər verir ki, bunu Ukraynanın energetika naziri Denis Şmıqal bəyan edib.
Nazir “Telegram” kanalında qeyd edib ki, Rusiyanın dünən axşam baş verən hava hücumu Kiyevin əsas enerji obyektlərindən birinə ciddi ziyan vurub.
"Ukrenerqo" isə bildirib ki, Rusiyanın zərbələri Kiyevi təmin edən elektrik şəbəkəsinin bir neçə elementinə ziyan vurub. Bu, Ukrayna paytaxtının müəyyən ərazilərində xeyli sayda istehlakçını elektrik enerjisisiz qoyub.
Dünən Kiyev metrosunun hər üç xəttində qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb. Stansiyalarda işıqlar sönüb.
Vəziyyətin ağırlaşdığını Kiyev meri Vitali Kliçko da etiraf edib. AFP-yə açıqlamasında Kliçko bildirib ki, Kiyev Rusiya hücumlarının intensivləşməsi səbəbindən sağ qalmaq uğrunda mübarizə aparmaq məcburiyyətində qalıb.
Mer paytaxtdan kənarda dostları və ya qohumları olan şəhər sakinlərini Kiyevi tərk etməyə çağırıb və müvəqqəti olaraq başqa ərazilərə köçməyi tövsiyə edib: "Şəhərimizin atəşə tutulması gücləndikcə, dağıdılmış binalar, yaralılar və ya ölənlər barədə hər gün yeni məlumatlar gəlir. Bu gün söhbət sağ qalmaqdan gedir".

Bununla yanaşı, Kliçko Kiyevin tam təxliyəsinə çağırmayacağını deyib. Onun sözlərinə görə, şəhərləri boş qoyub Rusiyaya təhvil vermək məhz Moskvanın istədiyi ssenaridir.
Mer qeyd edib ki, Kiyev qış üçün ehtiyat istilik sistemləri hazırlayır, yanacaq, ərzaq və içməli su ehtiyatı toplayır. Lakin xəbərdarlıq edib ki, hava hücumlarından müdafiə sistemləri hücumları dəf edə bilməsə, hətta lazımi hazırlıqlar belə əlverişsiz ssenarini istisna edə bilməz. Rusiyanın zərbələri mütəmadi olaraq elektrik kəsintilərinə və su təchizatında fasilələrə səbəb olur. Kliçko xəbərdarlıq edib ki, su təchizatı infrastrukturunun pozulması böyük böhrana səbəb ola bilər.
Qeyd edək ki, ötən gün “The Telegraph” nəşri Moskvanın Kiyevdəki 7 əsas körpünü dağıtmaq planı barədə məlumat yayıb.
“AzPolitika.info”


Şərhlər