Menu

Ukraynaya kütləvi hücum - Ölənlər və yaralananlar var

09.10.2026, 11:58
Ukraynaya kütləvi hücum - Ölənlər və yaralananlar var

Rusiya qoşunları oktyabrın 9-u səhər saatlarında Ukraynanın müxtəlif bölgələrinə, o cümlədən Zaporojye və İvano-Frankovsk şəhərlərinə kütləvi hava zərbələri endirib. Hücumlar nəticəsində ölənlər və yaralananlar var, paytaxt Kiyevdə isə ciddi infrastruktur problemləri yaranıb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Zaporojye hərbi administrasiyasının rəhbər vəzifəsini icra edən Mixail Semikin şəhərə 6 zərbə endirildiyini açıqlayıb. Hücum nəticəsində yaşayış massivləri hədəf alınıb, beşmərtəbəli binadakı iki mənzil və avtomobillər ciddi şəkildə dağılıb.

Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin (FHDX) məlumatına görə, Zaporojyedə 1 nəfər həlak olub, 8 nəfər yaralanıb. Xəsarət alanlar arasında bir uşaq və polis əməkdaşı da var.

Dağıntılar və tələfat yalnız bu bölgə ilə məhdudlaşmayıb. Ölkənin qərbində yerləşən İvano-Frankovsk şəhərində də ilkin məlumatlara əsasən Rusiya zərbəsi nəticəsində 1 nəfər ölüb. Kiyev vilayətinin Buçan rayonunda isə hücumdan sonra anbardar binalarında güclü yanğın baş verib. FHDX xəbər verir ki, 3 nəfər xəsarət alıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib. Hazırda dağıntılar altında qaldığı ehtimal edilən bir qadının axtarışları davam etdirilir, yanğın isə lokallaşdırılıb.

Hücumlar fonunda paytaxt Kiyev və bir sıra digər regionlarda ciddi enerji böhranı yaranıb. Ötən gündən bəri Kiyemdə elektrik enerjisinin verilişində fasilələr yaranıb, bir çox rayonlarda isə su təchizatı dayandırılıb. Paytaxtın bir neçə rayonunda ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Ukraynanın digər regionlarında da fövqəladə elektrik enerjisi kəsintilərinə başlanılıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol