Qazaxıstan Azərbaycanın Baş nazir müavinləri səviyyəsində Xəzər dənizinin dayazlaşması üzrə Hökumətlərarası Komissiyanın yaradılması barədə təklifini dəstəkləyir.
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkmənistanda keçirilən Xəzər Ekoloji Sammitində bildirib.
"Qazaxıstan Azərbaycanın Baş nazir müavinləri səviyyəsində Xəzər dənizinin dayazlaşması üzrə Hökumətlərarası Komissiyanın yaradılmasına dair təklifini dəstəkləyir. Xəzəryanı dövlətlər tərəfindən həmçinin Xəzər dənizinin su ehtiyatlarının qorunması üzrə Dövlətlərarası proqramın hazırlanması barədə Qazaxıstanın təklifi bəyənilib", - K.Tokayev bildirib.
Onun sözlərinə görə, əməkdaşlığın mövcud beynəlxalq-hüquqi və institusional əsasına baxmayaraq, görülən tədbirlər Xəzərin ekoloji problemlərinin həlli üçün kifayət deyil. O, Xəzəryanı dövlətləri dayazlaşmanın nəticələrini yumşaltmaq, iqtisadiyyatları və ekosistemləri baş verən dəyişikliklərə uyğunlaşdırmaq üçün əlaqələndirilmiş fəaliyyətə keçməyə çağırıb.
K.Tokayev həmçinin Tehran konvensiyasının əhəmiyyətini və BMT-nin Ətraf Mühit Proqramının təbiəti mühafizə fəaliyyətinə verdiyi töhfəni qeyd edib.
Dövlət başçısı Şimali Aralın bərpası üzrə Qazaxıstanın təcrübəsini misal çəkib. Onun sözlərinə görə, dənizin sahəsini 36 % artırmaq mümkün olub ki, bu da suyun keyfiyyətinin yaxşılaşmasına, balıq ehtiyatlarının bərpasına və ətraf ərazilərin iqtisadi həyatının canlanmasına kömək edib.
Qazaxıstan Prezidenti bu təcrübənin Xəzər dənizinin unikal ekosisteminin qorunub saxlanması üçün tətbiq edilə biləcəyini qeyd edib.


Şərhlər