Menu

MKİ-nin keçmiş rəsmisi ABŞ biznesləri adından casusluq qadağasının ləğvinə çağırıb

11.10.2026, 09:46
MKİ-nin keçmiş rəsmisi ABŞ biznesləri adından casusluq qadağasının ləğvinə çağırıb

ABŞ-nin iqtisadi casusluq qadağası texnologiya yarışında Çinə üstünlük verir.

"Report"un məlumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktor müavini Devid Koen bu barədə "Foreign Affairs"də dərc olunmuş məqaləsində yazıb.

O, güman edir ki, Vaşinqton Amerika kəşfiyyat orqanlarının xaricdə əldə etdiyi ticarət sirlərini özəl şirkətlərlə bölüşməsinə icazə verməlidir. MKİ-nin keçmiş rəsmisinin fikrincə, bizneslər adından iqtisadi casusluğa hazırkı qadağa ABŞ-nin özünə qarşı işləyir.

Koen bu cür dəyişikliklərə ehtiyacı ABŞ-nin milli təhlükəsizliyinin getdikcə özəl sektorun inkişafından asılı olması ilə izah edir. Əvvəllər, o cümlədən "Soyuq müharibə" dövründə əsas yeniliklər dövlət qurumları tərəfindən yaradılırdısa, bu gün ABŞ-nin gücü əsasən süni intellekt, kvant hesablamaları, biomühəndislik və kosmik sahələrdə özəl şirkətlərdən asılıdır.

"Birləşmiş Ştatlar balansı bərpa etmək üçün Amerika kəşfiyyat orqanlarına yalnız xarici şirkətlərdən ticarət sirlərini toplamağa deyil, həm də məlumatları ən çox fayda verə biləcəyi yerlərdə - yaxın illərdə ABŞ-nin milli təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edəcək qabaqcıl texnologiyalar inkişaf etdirən şirkətlərlə bölüşməyə icazə verməlidir", - məqalədə deyilir.

Nəşr xatırladır ki, ABŞ-nin keçmiş prezidenti Barak Obama 17 yanvar 2014-cü ildə radioelektron kəşfiyyatı ilə bağlı PPD-28 ("Presidential Policy Directive") direktivini imzalayıb. Sənədə əsasən, xarici qurumlardan və ya ticarət sirlərindən məxfi kommersiya məlumatlarının toplanması yalnız ABŞ-nin və ya onun tərəfdaşları və müttəfiqlərinin milli təhlükəsizliyini qorumaq üçün icazə verilir. Xarici kəşfiyyat və ya əks-kəşfiyyata Amerika şirkətləri və sənaye sahələrinə kommersiya rəqabət üstünlüyü üçün bu cür məlumatların göndərilməsinə icazə verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol