Qax rayonunda dələduzluqda təqsirləndirilən sahibkar həbs edilib.
"AzPolitika" Oxu.az-a istinadla xəbər verir ki, Qax rayonunun Çüdüllü kənd sakini, 1992-ci il təvəllüdlü Fuad Hətəmov Qaxda uzun illər toyuq ferması yaradıb, sahibkarlıqla məşğul olub. O, bir müddət əvvəl rayon sakinlərindən toyuqlar üçün nisyə qarğıdalı və buğda alıb, onlara satdıqları qiymətdən daha çox pul verəcəyini vəd etsə də, aldığı məhsulların pulunu, ümumiyyətlə, verməyib. O bu yolla rayonda bir neçə sahibkarı aldadıb, aldıqları məhsulları sataraq pulları mənimsəyib.
Bir müddət sahibkarlar Fuaddan pullarını istəsələr də, o, müəyyən bəhanələrlə məsələdən yayınıb, pullarını verməyib. Çarəsiz qalan sahibkarlar məsələ ilə bağlı polisə müraciət ediblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Fuad Hətəmov saxlanılıb. Məlum olub ki, F.Hətəmov ümumilikdə 132 min 380 manatlıq dələduzluq edib. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə F.Hətəmov 5 il 6 ay azadlıqdan məhrum edilib.


Şərhlər