Avropa Komissiyası Rusiyanın neft ixracından əldə etdiyi gəlirləri daha da məhdudlaşdırmağı hədəfləyən 23-cü sanksiya paketinin hazırlıqlarına başlayıb. "Politico" nəşrinin yüksək rütbəli ukraynalı rəsmiyə istinadən yaydığı məlumata görə, yeni məhdudiyyətlər layihəsinin 2026-cı ilin sonuna qədər Aİ ölkələrinə təqdim olunması planlaşdırılır.
Oktyabrın 15-də keçiriləcək Avropa İttifaqı liderlərinin sammitində Rusiyaya qarşı sanksiya təzyiqinin artırılması əsas müzakirə mövzularından biri olacaq. "Politico"nun tanış olduğu yekun bəyanat layihəsinə əsasən, sammit iştirakçıları Moskvaya qarşı əlavə məhdudiyyətlərin, xüsusilə də enerji sektorunu hədəf alan addımların tərəfdarı çıxış edəcəklər.
Bunun fonunda Polşanın Baş naziri Donald Tusk Rusiyanın müharibəni dayandırmaqda maraqlı olmadığını bildirərək Aİ tərəfdaşlarını sanksiyaları sərtləşdirməyə çağırıb. Almaniya kansleri Fridrix Merts də Ukraynanın enerji infrastrukturuna edilən hücumları xatırladaraq yeni məhdudiyyətləri dəstəklədiyini bəyan edib.
Avropanın sərtləşdirmə kursu ABŞ Prezidenti Donald Tрамpın Rusiya dizel yanacağı ilə bağlı məhdudiyyətləri yumşaltmaq qərarı ilə ziddiyyət təşkil edir. Oktyabrın 9-da Tрамp Rusiya dizelinin dünya və ABŞ bazarlarına tədarükü ilə bağlı Vladimir Putinlə razılıq əldə olunduğunu açıqlamışdı.
Avropa diplomatları isə bu addımın ABŞ-d’kı yanacaq böhranını həll edəcəyinə şübhə ilə yanaşırlar. Onların hesablamalarına görə, elan edilən təxminən 5 milyon ton yanacaq həcmi ABŞ-nin cəmi 10 günlük daxili tələbatını ödəyə bilər.
Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Kaya Kallas Vaşinqtonu sanksiya siyasətini Brüssellə razılaşdırmağa çağırıb. Avropalı rəsmilər ümid edirlər ki, ABŞ administrasiyası Rusiya energetika sektoruna qarşı yeni qəbul edilmiş sərt qanunvericilik alətlərindən tam şəkildə istifadə edəcək.
Qeyd edək ki, Aİ hələ oktyabrın 12-də Rusiyaya qarşı 22-ci sanksiya paketini təsdiqləmişdi. Bu paket qurumun tarixində rekord həcmdə – təxminən 1600 fiziki və hüquqi şəxsi əhatə edən ən böyük birtərəfli genişlənmə olub. Kaya Kallas bildirmişdi ki, məhdudiyyətlər, xüsusilə, ballistik raketlərin istehsalında əli olan şəxslərə qarşı yönəlib. Böyük Britaniya və Norveç də mövcud boşluqları bağlamaqla Rusiyaya qarşı təzyiqləri artıracaqlarını bəyan ediblər.
Rasim
“AzPolitika/info”


Şərhlər