Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavərənin (AQEM) 7-ci sammitində iştirak etmək üçün oktyabrın 14-15-də Azərbaycana işgüzar səfər edəcək.
"AzPolitika" "Report"a istinadla xəbər veri ki, Azərbaycanın sədrliyi çərçivəsində keçirilən forumun gündəliyinə Asiya qitəsində etimadın möhkəmləndirilməsi, sülh və təhlükəsizliyin təmin edilməsi, habelə AQEM-in gələcək institusional inkişafının aktual məsələləri daxil edilib.
"Nəqliyyat əlaqələndirilməsi, rəqəmsallaşdırma, dayanıqlı iqtisadi artım və digər prioritet istiqamətlərdə praktiki əməkdaşlığın perspektivləri nəzərdən keçiriləcək", - məlumatda qeyd olunub.
Bildirilib ki, iştirakçılar regional və beynəlxalq gündəliyin əsas məsələləri barəsində fikir mübadiləsi aparacaqlar.
Sammitin yekunlarına əsasən, AQEM-in rolunun və səmərəliliyinin artırılmasına yönəlmiş Bakı Bəyannaməsinin və qərarlar paketinin qəbul edilməsi planlaşdırılır.
Sammit çərçivəsində Şavkat Mirziyoyev xarici nümayəndə heyətlərinin başçıları ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.


Şərhlər