Menu

UNEC-də turizm və hotelçilik üzrə Korporativ Auditoriya yaradılacaq - FOTOLAR

13.10.2026, 21:34
UNEC-də turizm və hotelçilik üzrə Korporativ Auditoriya yaradılacaq - FOTOLAR

UNEC ilə TABIA Group MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumun əsas məqsədi UNEC Biznes Məktəbində MBA proqramı üzrə “Turizm və otelçiliyin idarə edilməsi” ixtisaslaşmasında təhsil alan magistrantların, eləcə də UNEC Zaqatala filialında “Turizm işinin təşkili” ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan tələbələrin universitetdə əldə etdikləri nəzəri biliklərlə turizm və hotelçilik sektorunun real tələbləri arasında əlaqəni gücləndirmək, gələcəyin mütəxəssislərinin peşəkar bacarıqlarını və məşğulluq imkanlarını artırmaqdır.

UNEC-in rektoru professor Ədalət Muradov və Azərbaycan Hotel Assosiasiyasının İdarə Heyətinin sədri, “TABIA Group” MMC-nin Əməliyyatlar üzrə baş inzibatçısı Eldar Əlimuradov tərəfindən imzalanan memorandum çərçivəsində turizm ixtisasları üzrə tədris proqramlarının, fənn və mövzuların əmək bazarının tələblərinə uyğunlaşdırılması, real biznes təcrübəsinə əsaslanan praktiki keyslərin tədris prosesinə inteqrasiyası nəzərdə tutulur.


Əməkdaşlıq çərçivəsində UNEC Biznes Məktəbinin “Turizm və otelçiliyin idarə edilməsi” ixtisaslaşması üzrə magistrantları hotel və turizm müəssisələrinin idarə olunması sahəsində real iş təcrübəsi qazanacaqlar, eləcə də peşəkar mentorluq dəstəyi əldə edəcəklər. Memorandum TABIA Group-un rəhbər və mütəxəssislərinin qonaq mühazirəçi qismində tədris prosesinə cəlb olunmasını, praktiki təlimlərin və master-klassların keçirilməsini də əhatə edir. Eyni zamanda, tələbələrin şirkətdə staj və təcrübə keçmələri üçün imkanlar yaradılacaq.

UNEC-də TABIA Group tərəfindən müasir tələblərə cavab verən Korporativ Auditoriyanın yaradılması da nəzərdə tutulur. Turizm və hotelçilik sektorunun fəaliyyətini modelləşdirən auditoriya tələbələr üçün praktiki öyrənmə mühiti rolunu oynayacaq.

Memorandumda turizm marketinqi, xidmət keyfiyyətinin yüksəldilməsi, insan resurslarının idarə edilməsi və rəqəmsal texnologiyaların tətbiqi sahələrində birgə layihə və tədqiqatların həyata keçirilməsi də öz əksini tapıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol