Menu

Sabiq sədrin məhkəməsi: Şahid istintaqdakı ifadəsini təsdiqləmədi

14.10.2026, 12:26
Sabiq sədrin məhkəməsi: Şahid istintaqdakı ifadəsini təsdiqləmədi

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"AzPolitika" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Bulvarın dayacağında nəzarətçi olmuş Sərdar Səlimov bildirib ki, maaşını rəsmi almayıb:

"Standart olaraq 400 manat maaş alırdım. Bizim rəhbərimiz Natiq Hümbətov idi. O, maaşımızı əlbəəl verirdi. 2 il orada çalışdım. Axıra yaxın əməkhaqqı 50 manat qalxdı. Sonra səhhətimdə problem oldu, ona görə işdən çıxmalı oldum. Dayanacaqda gündə 80-100 manat pul yığılırdı".

İstintaqdakı ifadəsində Sərdar Səlimov qeyd edib ki, dayanacaqda gündəlik 1000 manatdan çox pul yığılıb.

S.Səlimov istintaqdakı ifadəsini təsdiqləməyib.

Digər şahid Azər Bəkirov qeyd edib ki, Bulvarda yerləşən kafelərin birində nəzarətçi işləyib: 

"Orada gəlib-gedənə nəzarət edirdim. Müştərilərə xidmət edirdim. 600 manat maaş almışam. O vaxt işə düzəlməyim üçün qardaşım İlqar müəllimdən xahiş etmişdi. 2020-2024-ci illərdə işləmişəm. Maaşımı əllə almışam. Kassada Xaliq adlı kişi var idi. O verirdi. VÖEN açmışdıq. Hesabatları mühasib verirdi. Lakin orada nə qədər pul yazıblar, xəbərim olmayıb".

Şahid Turxan Əlizadə məhkəmədəki ifadəsində deyib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olub:

"Bulvar İdarəsində restoranlar işlədirdim. 2021-ci ildən İdarə ilə müqavilə imzalamışdıq. Yay mövsümündə fəaliyyət göstərirdik. Müqavilə ilə ayrıca, nağd olaraq başqa pul verirdim. Yəni pulun yarısını rəsmi, qalanını qeyri-rəsmi ödəyirdim. Pulu Fuad Babayevə verirdik. Müqavilə ilə olan pul az idi. Biz həmişə onlarla əməkdaşlıq etmişik. Yeni açılacaq yerlər bizə veriləcəkdi. Bu məsələnin hamısını İlqar müəllim həll edib. İlqar müəllimin dövründə hər ay 7-8 min manat pul verirdik".

Proses oktyabrın 21-də davam edəcək.

Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İbtidai istintaqla İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq pulları mənimsəməkdə təqsirli biliniblər.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib.

İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol