Bacısını və anasını döydüyü üçün atasını 7 bıçaq zərbəsi ilə qətlə yetirən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
"AzPolitika" "Unikal"a istinadla xəbər verir ki, bu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub.
Hökmə əsasən, Ayxan Vəlizadəyə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi Cinayət Məcəlləsinin 123.1-ci (Zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsüf edilib və o, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdədövlət ittihamçısı İsmayıl Cavadlı ya məhkəməyə Ayxan Vəlizadənin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Qeyd edək ki, hadisə 2025-ci ilin dekabrın 11-də Sabunçu rayonunun Ramana qəsəbəsi "Gülçülük Sovxozu" ərazisində baş verib.
İttiham aktında göstərilib ki, həmin gün saat 21 radələrində Ayxanın atası, 1981-ci il təvəllüdlü İftixar Vəlizadə qızı Ləmanı dərsdən qayıdarkən yolda bir oğlanla gördüyünü bəhanə edərək döyüb, hətta evin mətbəxindən bıçaq götürərək ona xəsarət yetirmək istəyib. Anası Sevinc Vəlizadə buna mane olmaq istəyəndə atası ona da xəsarət yetirir. Ayxan atasının bacısına və anasına yetirdiyi xəsarətlərin görüb onun bu əməllərinin qarşısını almağa çalışır. Və o, atası əlbəyaxa olur və bıçağı onun əlindən alaraq zərərsizləşdirir.
İstintaqla müəyyən edilib ki, buna baxmayaraq, Ayxan atası İftixar Vəlizadənin bu qanunsuz və aqressiv hərəkətlərini davam etdirməsindən hiddətlənərək ondan qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib.
O, həmin bıçaqla atasının bədəninin müxtəlif nahiyələrinə ümumilikdə, 7 bıçaq zərbəsi vuraraq qətlə yetirib.
Bununla da, Ayxan Vəlizadə barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Şərhlər