Menu

"Etirazlar zamanı baş verən dağıntılar tələbələrin işi deyil" - Edi Rama

15.10.2026, 20:19
"Etirazlar zamanı baş verən dağıntılar tələbələrin işi deyil" - Edi Rama

Albaniyanın Baş naziri Edi Rama Tiranada tələbə etirazları zamanı baş verən hücumlara münasibət bildirib və dağıntıların tələbələr tərəfindən törədilmədiyini iddia edib.

"Report"un Balkan bürosu xəbər verir ki, E. Rama Avropa Kollecinin binasına zərər vurulmasını pisləyib.

O bildirib ki, dünənədək Avropa Kollecinə ev sahibliyi edən bina bu gün dağıntılara məruz qalıb.

"Bu gün bina tələbələrə aid olmayan və heç vaxt aid ola bilməyəcək əllər tərəfindən dağıdılıb", – baş nazir vurğulayıb.

Edi Rama qeyd edib ki, hökumət tələbələrlə dialoqa, müzakirələrə və mövcud problemlərin həlli yollarının tapılmasına hazırdır.

"Tələbələr gələcəkdir. Onlar irəliyə baxan, daha uzağa getmək və sürətlə irəliləmək istəyən insanlardır. Biz onlarla görüşməyə, danışmağa, məsələləri müzakirə etməyə və həll yolları tapmağa həmişə hazırıq", – o deyib.

Baş nazir dağıntılara görə müxalifəti ittiham edib və bəzi qüvvələrin Albaniyanın inkişafına mane olmağa çalışdığını bildirib. Onun sözlərinə görə, bu qüvvələr ölkəni Avropa İttifaqına inteqrasiya yolundan geri döndərmək istəyirlər.

Rama qanun qarşısında hər kəsin məsuliyyət daşıdığını vurğulayaraq, baş verən iğtişaşlarda iştirak edənlərin məsuliyyətə cəlb olunacağını bildirib.

"Alban xalqı bir daha keçmişin girovuna çevrilməyəcək. Gələcək tələbələrə, Albaniyaya və alban xalqına məxsusdur", – baş nazir əlavə edib.

Qeyd edək ki, Tiranada tələbələrin etirazları artıq üçüncü gündür davam edir. Etirazçılar universitetlərdə təhsil şəraitinin yaxşılaşdırılmasını, ali təhsil xərclərinin azaldılmasını, tələbələrə daha çox maliyyə dəstəyinin göstərilməsini və məzun olduqdan sonra iş imkanlarının yaxşılaşdırılmasını tələb edirlər. Onlar həmçinin siyasi tələblər irəli sürərək, ilk növbədə hökumətin istefasına çağırış edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol