Tramp administrasiyasının Rusiyanın dondurulmuş suveren aktivlərinin bir hissəsinin sərbəst buraxılması və bu vəsaitlərin Vaşinqtonun nəzarətində olan maliyyə mexanizminə köçürülməsi ilə bağlı təklifi Avropa tərəfindən qəti şəkildə rədd edilib.
“AzPolitika” xarici KİV-ə istinadən xəbər verir ki, Mayamidə Ukrayna və Avropa rəsmiləri ilə keçirilən danışıqlar zamanı ABŞ tərəfindən irəli sürülən bu təşəbbüs Qərb müttəfiqləri arasında ciddi fikir ayrılığı yaradıb.
Tramp administrasiyasının nümayəndələri Stiv Vitkof və Cared Kuşner tərəfindən təqdim edilən plana əsasən, sərbəst buraxılacaq vəsaitlərin guya sülh danışıqlarını bərpa etməyə kömək edəcək maliyyə fonduna yönəldilməsi nəzərdə tutulurdu. Lakin Avropa bu planı birmənalı olaraq rədd edib.
Hazırda əksəriyyəti Avropa İttifaqı ərazisində olmaqla, təqribən 260 milyard avro dəyərində Rusiya suveren aktivləri dondurulmuş vəziyyətdə qalır. Bu fondlar Avropanın Moskvalı qarşı əlində qalan ən güclü təzyiq rıçaqlarından biri hesab olunur. Gələcəkdə həmin vəsaitlərin Ukraynanın bərpasına və ya Rusiyanın ödəyəcəyi təzminatların qarşılanmasına sərf edilməsi planlaşdırılır.
Analitiklər və Avropa rəsmiləri hesab edirlər ki, bu aktivlər Rusiyaya geri qaytarılmamalı, Vaşinqtonun nəzarətinə verilməməli və ya Ukraynanın ərazi güzəştlərinə getməsinə çalışan bir administrasiyanın idarə etdiyi fonda köçürülməməlidir.
Birləşmiş Ştatlar Avropanın yurisdiksiyasında saxlanılan aktivlər üzərində nəzarətdən sadəcə olaraq imtina etməsini tələb edə bilməz. Xüsusilə nəzərə alsaq ki, Rusiyanın törətdiyi müharibənin yaratdığı uzunmüddətli iqtisadi və təhlükəsizlik yükünün böyük hissəsini məhz Avropa ölkələri daşıyır.
Ekspertlərin fikrincə, ədalətli sülh sazişi Rusiyanın törətdiyi dağıntılara görə necə ödəniş edəcəyini müəyyənləşdirməlidir — sadəcə danışıqlara qayıtdığı üçün Moskvaya erkən maliyyə mükafatı verilməməlidir. Avropa əlindəki bu maliyyə rıçaqının gücünü dərk edir və təkcə Vaşinqtonun istəyinə görə ondan imtina etmək niyyətində olmadığını nümayiş etdirir.
“AzPolitika.info”


Şərhlər