Türkiyə Xarici İşlər nazirinin müavini Beris Ekinci İstanbulda Ermənistanın müstəqilliyinin 35 illiyi münasibətilə təşkil olunan rəsmi qəbulda bəyan edib ki, Ankara Ermənistan ilə nəqliyyat, enerji, mədəniyyət və birbaşa ticarətin yenidən bərpası sahələrində əlaqələrin normallaşdırılması istiqamətində konkret addımlar atır.
B.Ekinci bildirib: "Bütün bu addımlar bölgəmizin gələcəyinə böyük ümid və optimizmlə baxmağımız üçün möhkəm zəmin yaradır". O, Ankaranın Ermənistan ilə münasibətlərin tam normallaşdırılması məqsədilə ikitərəfli prosesi davam etdirdiyini vurğulayıb.
Türkiyə XİN rəsmisinin sözlərinə görə, son dövrlərdə iki ölkə arasında yüksək səviyyəli səfərlərin intensivləşməsi ikitərəfli dialoqun güclənməsinə töhfə verib. O, həmçinin Türkiyənin Cənubi Qafqazda sülhün və əlaqələrin normallaşdırılmasının dəstəklənməsini davam etdirəcəyinin əminliyini ifadə edib.
Qeyd edək ki, sözügedən tədbir Ermənistanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatındakı Daimi Nümayəndəliyi tərəfindən təşkil olunub. Qəbulda Türkiyənin Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç, İstanbul erməni kilsəsinin və erməni icmasının digər nümayəndələri də iştirak ediblər.
“AzPolitika.info”


Şərhlər