Menu

ABŞ-dən Zelenskiyə “enerji barışığı” təklif –“Starlink” müqabilində 100 günlük atəşkəs...

16.10.2026, 16:42
ABŞ-dən Zelenskiyə “enerji barışığı” təklif –“Starlink” müqabilində 100 günlük atəşkəs...

Amerika səfərləri çərçivəsində Kiyevdə olan respublikaçı senatorlar Rocer Viker və Kevin Kramer Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya enerji obyektlərinə zərbələri müvəqqəti dayandırmağı təklif ediblər. Əvəzində isə ABŞ Ukraynanın "Starlink" peyk şəbəkəsinin əhatə dairəsini Rusiya ərazisinin içərilərinə doğru təxminən 300 kilometr genişləndirməyi öhdəsinə götürür.

Nüfuzlu "The Wall Street Journal" qəzetinin yazdığına görə, ötən cümə günü Kiyevdə baş tutan görüş zamanı irəli sürülən bu təşəbbüs Ukraynaya rus raket qurğularını daha effektiv neytrallaşdırmağa və ölkəyə edilən zərbələri zəiflətməyə kömək edə bilər.

Məqalədə qeyd olunur ki, jurnalistlərin əldə etdiyi məlumata əsasən, Volodimir Zelenski bu təkliflə razılaşacağını və müvafiq razılaşma çərçivəsində 100 gün ərzində Rusiyadakı enerji obyektlərinə bombardmanlardan çəkinəcəyini öhdəsinə götürüb.

Nəşrin məlumatına görə, Zelenski həmçinin neft emalı zavodlarına (NEZ) zərbələrin dayandırılmasını daha çox "Patriot" raketləri ilə dəyişməyə hazır olduğunu bildirib. Lakin o, “oxu buraxanın” özünü, yəni raket qurğularını məhv etməyin hər zaman daha üstün strateji imkan yaratdığını vurğulayıb.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiya arasında "enerji barışığı" elan etmişdi. Onun sözlərinə görə, hər iki tərəf bu razılaşma ilə razılaşıb və o, tərəfləri bu barışığı pozmamağa çağırıb.

Buna baxmayaraq, reallıqda vəziyyət gərgin olaraq qalır. Ukrayna Rusiya NEZ-lərinə zərbələri dayandırsa da, rus qoşunları Ukrayna enerji sistemini məhv etməyə davam edir.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen isə bəyan edib ki, Rusiya Federasiyası bir dəqiqə belə bu atəşkəsə əməl etməyib və əksinə, təcavüzü daha da gücləndirib. Buna görə də Avropa İttifaqı Moskvaya qarşı təzyiqləri artırmalıdır. O, artıq yeni sanksiya paketinin hazırlanması üzərində işlərin geddiyini bildirib və Rusiyanın müharibəni dayandırana qədər heç bir məhdudiyyətin yumşaldılmayacağını əminliklə qeyd edib.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol