Türkiyənin Muğla Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Aras Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verdiyini və fəaliyyətini müstəqil şəkildə davam etdirəcəyini açıqlayıb.
İqtisadiyyat.az xəbər verir ki, Aras bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Muğlanın həllini gözləyən problemləri və həyata keçirilməli olan xidmətləri var, lakin son vaxtlar onun ətrafında aparılan siyasi müzakirələr şəhər üçün görülən işlərin önünə keçir.
Bələdiyyə sədri partiyadan ayrılmaq qərarının Muğla qarşısında daşıdığı məsuliyyəti əhalinin iradəsi və şəhərin ehtiyacları doğrultusunda yerinə yetirmək istəyindən irəli gəldiyini vurğulayıb.
Aras siyasi baxışından, həyat tərzindən və yaşadığı yerdən asılı olmayaraq bütün vətəndaşlara xidmət göstərməyə davam edəcəyini, infrastruktur, nəqliyyat, təbiətin qorunması, istehsalçıların dəstəklənməsi və ictimai həmrəyliyin gücləndirilməsi istiqamətində çalışacağını bildirib.
O, Muğlanın maraqlarına uyğun məsələlərdə mərkəzi hökumət, dövlət qurumları, siyasi partiyalar, rayon bələdiyyələri və vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığa açıq olduğunu qeyd edib.
"Mənim tərəfim Muğladır. Prioritetim həmvətənlərimizin rifahı və şəhərimizin gələcəyidir", - deyə Aras əlavə edib.


Şərhlər