Fransada həyat şəraitinin bahalaşması, yanacağın qiymətlərinin artması və digər sosial məsələlərlə bağlı etiraz aksiyaları davam edir.
BBC-nin məlumatına görə, paytaxt Parisdə nümayişçilərlə polis arasında toqquşmalar baş verib, hüquq-mühafizə orqanları etirazçılara qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.
Parisdə keçirilən əsas nümayişdən əvvəl ölkənin müxtəlif şəhərlərində polis və etirazçılar arasında qarşıdurmalar yaşanıb. Paytaxtda polis su şırnaqları ilə nümayişçiləri dağıtmağa çalışıb. Etirazçılar isə polisə daş atıblar.
Etirazlar fonunda Fransanın şərqində yerləşən Lion şəhərində turizm ofisində yanğın baş verib.
AFP xəbər agentliyinin və yerli medianın məlumatına görə, nümayişçilər binanı yandırıblar. Hadisə yerindən yayılan görüntülərdə binanın daxilində və ətrafında alovların olduğu, bir neçə pəncərənin sındırıldığı görünür.
Yerli polis yanğınsöndürənlərin alovu təhlükəsiz şəkildə söndürməsinə “aqressiv şəxslərin” mane olduğunu bildirib. Polis əməkdaşlarının zorakı qrupları dağıtmağa çalışdığı qeyd olunur. BBC yazır ki, Marsel şəhərində də iğtişaşlar qeydə alınıb. Burada polis bölməsinə ziyan vurulub, küçələrdə yanğınlar baş verib və gözyaşardıcı qazdan istifadə olunub. Nümayişçilər qısa müddətə Marsel meriyasının binasına da daxil olublar.
AFP-nin yaydığı görüntülərdə etirazçıların binanın qapısını açmağa çalışdığı görünür. Şəhər meri Benoît Payan baş verənlər nəticəsində dəymiş ziyanın məhdud olduğunu bildirib.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, gün ərzində ölkə üzrə 160-dan çox şəxs saxlanılıb. Nazirlik təxminən 33 min insanın ölkə üzrə 140 ayrı aksiya və nümayişdə iştirak etdiyini açıqlayıb.
Aksiyalarda müxtəlif qruplar, o cümlədən yanacağın qiymətlərinin artmasına qarşı çıxışları ilə tanınan “sarı jiletlilər”, həmkarlar ittifaqlarının nümayəndələri və gənclər iştirak edirlər. Nümayişlər bir neçə həftədir davam edən tələbə etirazlarından sonra daha geniş sosial narazılıq dalğasına çevrilib. Fransa Daxili İşlər Nazirliyi bəzi nümayişçiləri qarət cəhdlərində və polisə hücum etməkdə ittiham edir.
Bununla belə, Parisdə BBC-yə danışan bəzi gənc etirazçılar dinc niyyətli olduqlarını və ölkədə dəyişikliklərə nail olmağa çalışdıqlarını bildiriblər. Ölkənin müxtəlif şəhərlərində qarşıdurmalar davam edərkən, polis vəziyyətə nəzarəti bərpa etməyə çalışır. /Apa


Şərhlər